Psixoloq-pedaqoq, “Nur” Psixologiya və Tədris Mərkəzinin rəhbəri, “Psixoloqun çətin uşaqlarla işinin təşkili” kitabının müəllifi Nuranə Hüseynova müasir dövrdə ailə münasibətlərinin üzləşdiyi problemlər, sosial şəbəkələrin ailəyə təsiri və sağlam ailə modelinin formalaşdırılması haqqında müsahibə verib.
-Sosial şəbəkələr ailə münasibətlərinə necə təsir göstərir?
Bu gün bəzi insanlar ailə qurduqları şəxslə deyil, sosial şəbəkələrdə gördükləri insanların həyat standartları ilə evli olmaq istəyirlər.
Başqasının həyat yoldaşının aldığı hədiyyəni, təşkil etdiyi sürprizi, maddi imkanlarını görüb öz həyat yoldaşını sorğulamağa başlayırlar. Halbuki sosial şəbəkələr insanların həyatının reallığını deyil, çox vaxt reklamını təqdim edir.
İnsanlar başqalarının nümayiş etdirdiyi xoşbəxtliyə baxaraq öz xoşbəxtliklərini gözdən salırlar. Nəticədə dünən onlar üçün kifayət edən insan bu gün yetərsiz görünməyə başlayır.
Digər tərəfdən, virtual ünsiyyət emosional xəyanət üçün də zəmin yarada bilər. Xəyanət hər zaman fiziki təmasla başlamır. Bəzən insanın həyat yoldaşından gizlətdiyi, münasibətdən əsirgədiyi emosional yaxınlığı üçüncü bir şəxsə göstərməsi ilə başlayır.
Ailədə həyat yoldaşına ayırmadığın diqqəti yad bir insana ayırırsansa, münasibətinizin sərhədlərini artıq sorğulamağın vaxtıdır.
– Ailədə emosional soyuqluq hansı mərhələdə ciddi problem hesab edilməlidir?
Bu gün bəzi ailələr hüquqi olaraq evli, emosional olaraq isə çoxdan boşanıblar. Sadəcə onları bir evdə saxlayan uşaqlar, maddi asılılıq, cəmiyyətin qınağı və «el nə deyər?» düşüncəsidir.
Eyni yataqda yatmaq yaxınlıq, eyni evdə yaşamaq isə sağlam ailə münasibəti demək deyil.
Münasibətdə ən təhlükəli mərhələlərdən biri insanın artıq incikliyini belə dilə gətirmək istəməməsidir. Çünki dəfələrlə danışıb eşidilməyən insan bir müddət sonra susmağı seçir.
Bəzən tərəflərdən biri «Biz heç mübahisə etmirik» deyərək münasibətinin sağlam olduğunu düşünür. Halbuki mübahisənin olmaması bəzən sevginin deyil, laqeydliyin göstəricisidir.
Xüsusilə «uşaqlara görə birlikdəyik» düşüncəsinə diqqət çəkmək istəyirəm. Uşaqlar valideynlərinin yalnız bir evdə yaşamasına deyil, emosional cəhətdən təhlükəsiz mühitdə böyüməyə ehtiyac duyurlar.
Uşaq ailədə gördüyü münasibəti sabah sevginin normal forması kimi qəbul edə bilər. Valideynlər yalnız öz münasibətlərini deyil, övladlarının gələcək münasibət modelini də formalaşdırırlar.
Münasibətləri bərpa etmək mümkündür. Ancaq bir nəfərin səyi ilə iki nəfərlik münasibəti uzunmüddətli şəkildə sağlamlaşdırmaq çox çətindir. Bunun üçün qarşılıqlı istək, məsuliyyət və davranış dəyişikliyi lazımdır.
– «Toksik münasibət» anlayışı bu gün düzgün başa düşülürmü?
Bu gün psixoloji terminlər bəzən özünü anlamaq üçün deyil, qarşı tərəfi ittiham etmək üçün istifadə olunur.
Hər etiraz edən insan toksik, hər özünü düşünən insan narsist, hər fikir ayrılığı isə psixoloji zorakılıq deyil.
Bəzən insan öz davranışlarını təhlil etmək əvəzinə həyat yoldaşına psixoloji etiket yapışdıraraq bütün məsuliyyəti onun üzərinə qoyur.
Ancaq bunun əksi də mövcuddur. Bəzi ailələrdə qısqanclıq sevgi, nəzarət qayğı, təhqir əsəbilik, psixoloji zorakılıq isə ailədaxili məsələ adı altında normallaşdırılır.
Sevgi adı altında insanın geyiminə, dostlarına, telefonuna, sosial çevrəsinə və bütün qərarlarına hökm etmək sağlam münasibət deyil.
Qısqanclığın olması sevginin böyüklüyünü sübut etmir. Bəzən o, güvənsizliyin, itirmək qorxusunun və nəzarət ehtiyacının ifadəsidir.
Sağlam münasibətin əsas göstəricilərindən biri insanın qarşı tərəfin yanında qorxmadan özü ola bilməsidir. Əgər insan daim sözlərini ölçür, reaksiyalardan qorxur və münasibəti qorumaq üçün şəxsiyyətindən imtina edirsə, burada ciddi problem var.
– Ailə terapiyası hələ də son çıxış yolu hesab olunurmu?
Cəmiyyətimizdə rast gəlinən ziddiyyətlərdən biri budur ki, bəzi insanlar toy mərasiminə minlərlə manat xərcləməyi vacib hesab edir, amma həmin nikahın emosional sağlamlığına sərmayə qoymağın əhəmiyyətini görmürlər.
Bəzən ailənin problemlərini bütün qohum-əqrəba bilir, hamı fikir bildirir, amma məsələyə peşəkar yanaşa biləcək psixoloqa müraciət edilmir.
Psixoloqa müraciət etmək ayıb deyil. İllərlə həll olunmayan problemləri normal ailə həyatı kimi qəbul etmək isə insanın həm öz psixoloji sağlamlığına, həm də övladlarının emosional inkişafına mənfi təsir göstərə bilər.
Ailə terapiyasının məqsədi hər nikahı nəyin bahasına olursa-olsun qorumaq deyil. Məqsəd sağlam münasibət qurmağa, problemləri anlamağa və şüurlu qərar verməyə kömək etməkdir. Zorakılığın olduğu münasibətlərdə isə təhlükəsizlik birinci yerdə dayanmalıdır.
Ailənin uğuru nikahın neçə il davam etməsi ilə deyil, həmin illərdə insanların bir-birinin yanında necə yaşaması ilə ölçülməlidir.
Qeyd edək ki, Nuranə Hüseynova uşaq və yeniyetmə psixologiyası, valideyn-övlad münasibətləri, ailədaxili emosional bağlar, fərdi psixoloji konsultasiya, eləcə də ailə və cütlük terapiyası istiqamətlərində peşəkar fəaliyyət göstərir.
Fatimə Nəbiyeva










