14 noyabr 2026-cı il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbasın təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Rada Abbas Türkiyədən gələn qonaqları salamlayaraq onlara xoş gəldiklərini bildirib və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə şəhid anaları, qazilər və Türkiyədən gələn bir qrup qonaq iştirak edib. Görüş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin ofisində təşkil olunub. Tədbirin əsas məqsədi Türkiyədən gələn QHT rəhbərlərini və ictimai fəalları qarşılamaq olub. Qonaqların Azərbaycana səfərinin səbəbi isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin vəfatı ilə əlaqədar başsağlığı vermək olub.

Qonaqlar “Hər bir qazi türklüyün şanıdır” deyərək ayağa qalxıb başsağlığı diləklərini ifadə ediblər.

Tədbirdə AVMVİB-nin Səbail rayon şöbəsinin sədri Fəqan Hüseynov tanışlıq məqsədilə çıxış edərək iştirakçıları təqdim edib. Şəhid anası, QHT rəhbəri Seyran Həsənova da çıxış edərək qonaqları salamlayıb, Türkiyədən gələn nümayəndələrə xoş gəldiklərini bildirib, birliyin vacibliyini və böyük əhəmiyyətini vurğulayıb.

Şəhid Raminin anası Reyhan xanım çıxışında şəhid analarının ümumi fikirlərini və mövqeyini ifadə edib.

Türkiyədən gələn nümayəndə heyətinin təmsilçisi Ali Koray başsağlığı verdikdən sonra Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışıb. O, Türkiyə-Azərbaycan qardaşlığının qorunmasının həyatımızın ən vacib amillərindən biri olduğunu bildirib.

Tarixçi-etnoqraf Ramazan Hüseynov isə Azərbaycan-Türkiyə tarixində baş vermiş mühüm hadisələrdən bəhs edib. O, iki xalq arasında qardaşlığın tariximizin ilk dövrlərindən mövcud olduğunu və gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb və qonaqlara çay süfrəsi təqdim olunub. Daha sonra qonaqlarla birlikdə şəhidlərimizin məzarları və Türk şəhidliyi abidəsi ziyarət edilib.