Dünyanın tanınmış beynəlxalq inkişaf araşdırmaları institutlarından biri ciddi maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Qurumun xilas edilməsi üçün universitetlə birləşdirilməsi təklif olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, İnkişaf Araşdırmaları İnstitutu (IDS) ağır maliyyə vəziyyətinə görə Sasseks Universiteti ilə birləşmə təklifini nəzərdən keçirməyə razılıq verib. Universitet əməkdaşlarına göndərilən daxili məktubda institutun yaxın zamanda bağlanma təhlükəsi ilə üzləşdiyi bildirilib.
Artıq Sasseks Universitetinin kampusunda fəaliyyət göstərən institut iyun ayında işçilərin ixtisarı ilə bağlı rəsmi məsləhətləşmələrə başlayıb. Həmin vaxt qurum fəaliyyət miqyasını və təşkilati strukturunu yenidən nəzərdən keçirdiyini açıqlamışdı.
Noyabrın 17-də Sasseks Universitetinin vitse-kansleri professor Saşa Rozeneyl və IDS-in direktoru professor Anurada Coşi əməkdaşlara göndərdikləri məktubda lazımi yoxlamalardan sonra institutun universitetlə birləşdirilməsi təklifinin irəli sürüləcəyini bildiriblər.










