İqlim dəyişikliyi fəsillərin gedişinə də təsir göstərir. Bu il havaların gözləniləndən tez soyuması qrip və digər tənəffüs yolu infeksiyalarının artmasına səbəb olub. Mütəxəssislər xəstəliklərdən qorunmaq üçün bahalı qida əlavələrinə və xüsusi qarışıqlara ehtiyac olmadığını, gündəlik sağlam vərdişlərin kifayət etdiyini bildirirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki, dünyada iqlim dəyişikliyinin ictimai sağlamlığa təsirləri COP31 BMT-nin İqlim Dəyişikliyi Konfransında da müzakirə olunur. Antalya şəhərində keçirilən tədbirdə 6 qitədən 95 ölkənin nümayəndələri iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərini diqqət mərkəzində saxlayırlar.

Havaların soyuması ilə əlaqədar qrip və digər tənəffüs yolu infeksiyalarının yayılma tezliyi artır. Mütəxəssislər gündəlik həyatda bir sıra sadə tədbirlərə əməl etməyin xəstəliklərdən qorunmada mühüm rol oynadığını vurğulayırlar.

Daxili xəstəliklər üzrə mütəxəssis, dosent Rıdvan Sivritepe bildirib ki, qrip və tənəffüs yolu infeksiyalarından qorunmaq üçün bahalı qida əlavələrinə və möcüzəvi qarışıqlara ehtiyac yoxdur.

Onun sözlərinə görə, müntəzəm yuxu, balanslı qidalanma və kifayət qədər maye qəbulu sağlamlığın qorunmasının əsas şərtlərindəndir.

Mütəxəssis qripə qarşı peyvəndin əhəmiyyətini də xüsusi qeyd edib. O bildirib ki, qrip peyvəndi başda olmaqla, həkim tərəfindən tövsiyə edilən digər peyvəndlər də bu dövrdə xəstəliklərdən qorunmağa kömək edir.

Bundan əlavə, qapalı məkanların mütəmadi havalandırılması da tənəffüs yolu infeksiyalarının yayılma riskini azaltmağa kömək edən sadə tədbirlər sırasındadır.