ABŞ-nin elektrik avtomobil istehsalçısı Tesla Almaniyada böyük investisiya layihəsinə hazırlaşır. Şirkət Berlin yaxınlığındakı Grünheide zavodunu genişləndirmək üçün 3 milyard avro ayıracaq. Yeni müəssisədə tam avtonom robotaksi kimi nəzərdə tutulan Cybercab modelinin istehsalı planlaşdırılır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Tesla Almaniyadakı istehsal imkanlarını genişləndirmək qərarına gəlib. Şirkətin planına əsasən, Berlin yaxınlığında yerləşən Gigafactory Grünheide zavodunda yeni istehsal binası inşa ediləcək.
3 milyard avroluq investisiya çərçivəsində tam avtonom idarəetmə sisteminə malik Cybercab avtomobillərinin istehsalı nəzərdə tutulur. Yeni zavodun illik 1 milyon ədədə qədər Cybercab istehsal etmək gücünə malik olması planlaşdırılır.
İnvestisiya yalnız yeni istehsal binasının tikintisini əhatə etmir. Layihəyə əlavə müəssisələrin və yeni tullantı su təmizləmə mərkəzinin inşası da daxildir.
Tesla rəhbərliyi Grünheide zavodunu şirkətin texnoloji baxımdan dünyanın ən qabaqcıl istehsal müəssisəsinə çevirməyi hədəfləyir.
Tikinti işlərinin 2027-ci ilin ilk yarısında başlanması planlaşdırılır. Şirkətin ilin sonuna qədər lazımi icazələr üçün müraciət edəcəyi bildirilir. Cybercab istehsalına isə 2029-cu ildə başlanması nəzərdə tutulur.










