Qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolu, onların həyata keçirdiyi layihələrin əhəmiyyəti və effektivliyi müasir vətəndaş cəmiyyətinin əsas müzakirə mövzularından biridir. Lakin burada vacib bir məqam var: QHT-nin fəaliyyəti yalnız həyata keçirilən layihələrin sayı, təşkil edilən tədbirlər, keçirilən seminarlar və ya hazırlanmış hesabatlarla qiymətləndirilməməlidir. Əsas meyar həmin fəaliyyətlərin hansı real dəyişikliklərə səbəb olması, hansı problemlərin həllinə töhfə verməsi və konkret olaraq neçə insanın həyatına müsbət təsir göstərməsidir.
Mənim fikrimcə, layihənin uğuru onun başa çatması ilə deyil, yaratdığı nəticələrin davamlılığı ilə ölçülməlidi fərq yaratmaq vacibdir.
Bir QHT konkret istiqamət üzrə fəaliyyət göstərirsə, onun layihələri də həmin sahədə mövcud problemlərin həllinə yönəlməlidir. Layihə yalnız maliyyə vəsaitinin mənimsənilməsi, tədbirlərin təşkili və yekun hesabatın təqdim olunması üçün vasitəyə çevrilməməlidir.
Əsl layihə problemi müəyyən etməli, ehtiyacı olan insanlara çatmalı, məlumatlılığı artırmalı, müvafiq qurumların diqqətini cəlb etməli və mümkün həll yollarını formalaşdırmalıdır.
Bu baxımdan QHT layihələrinin effektivliyini qiymətləndirərkən bir neçə suala cavab axtarmaq lazımdır:
- Layihə hansı real problemi həll etməyə yönəlib?
- Layihə nəticəsində kimlər faydalanıb?
- Hədəf qruplarında hansı dəyişikliklər baş verib?
- İctimai məlumatlılıq və peşəkar biliklər artıbmı?
- Layihə dövlət qurumlarının və müvafiq sistemlərin fəaliyyətinə hansı töhfəni verib?
- Layihənin nəticələri onun başa çatmasından sonra da davam edirmi?
Bu suallar layihənin real ictimai dəyərini müəyyən etməyə imkan verir.
Mən artıq uzun illərdir ki, təskilatın yaranmasından əvvəl də, sonra da Azərbaycanda nadir xəstəliklərdən biri olan Kistoz fibroz sahəsində fəaliyyət göstərirəm. Bu fəaliyyətin mərkəzində maarifləndirmə, erkən aşkarlanmanın təşviqi, pasiyent və ailələrin dəstəklənməsi, tibbi xidmətlərin yaxşılaşdırılması və pasiyent hüquqlarının müdafiəsi dayanır.
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin fəaliyyəti göstərir ki, bir QHT konkret problem üzərində ardıcıl və məqsədyönlü çalışdıqda, onun yaratdığı nəticələr tədricən həm cəmiyyətdə, həm səhiyyə sistemində, həm də pasiyent icmasında özünü göstərir.
Fəaliyyətimizin ilk illərində Kistoz fibroz Azərbaycanda geniş ictimaiyyət tərəfindən tanınmayan, hətta bir çox ailələrin və tibb işçilərinin kifayət qədər məlumatlı olmadığı xəstəliklərdən biri idi. Xəstəliyin tanınması, diaqnostik imkanların genişləndirilməsi, ailələrin məlumatlandırılması və pasiyentlərin hüquqlarının müdafiəsi istiqamətində sistemli işə ehtiyac var idi.
Biz bu boşluğu doldurmaq üçün maarifləndirməni fəaliyyətimizin əsas istiqamətinə çevirdik.
Layihələrimizin yaratdığı konkret dəyişikliklər
1. Ailə Məktəbi – məlumatlı ailə, güclü pasiyent icması
2016-cı ildə valideynlərin ünsiyyət və qarşılıqlı dəstək platforması kimi formalaşmağa başlayan təşəbbüsümüz 2019-cu il noyabrın 9-da Ailə Məktəbinin yaradılması ilə yeni mərhələyə keçdi.
Burada məqsəd yalnız valideynlərə xəstəlik haqqında məlumat vermək deyildi. Ailələrin müalicə prosesində daha fəal iştirakını təmin etmək, düzgün qulluq bacarıqlarını inkişaf etdirmək, psixoloji dəstək göstərmək və ailələr arasında təcrübə mübadiləsi yaratmaq əsas hədəflərimiz idi.
Nəticədə xəstəliklə yaşayan ailələr tək-tək mübarizə aparan insanlar olmaqdan çıxaraq məlumat paylaşan, bir-birinə dəstək göstərən və öz hüquqlarını daha yaxşı müdafiə edən bir icmaya çevrilməyə başladılar.
2. Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə və Müalicə Mərkəzi
2021-ci il martın 12-də yaradılan mərkəz kistoz fibroz sahəsində tibbi xidmətlərin təşkili və pasiyentlərə dəstək baxımından mühüm mərhələ oldu.
Bu təşəbbüs QHT fəaliyyətinin yalnız maarifləndirmə ilə məhdudlaşmadığını, tibbi xidmətlərin inkişafına da töhfə verə bildiyini göstərdi.
Mərkəzin yaradılması xəstəliyin diaqnostikası, müayinəsi və müalicəsi ilə bağlı ehtiyacların daha sistemli şəkildə gündəmə gətirilməsinə, pasiyentlərin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılmasına xidmət etdi.
3. “Kistoz Fibroza Dair” – biliklərin əlçatan olması
2025-ci ildə ilk Azərbaycan dilində kistoz fibroza həsr olunmuş ilk kitabın nəşri maarifləndirmə fəaliyyətimizin növbəti mühüm nəticəsi oldu.
Kitabın təqdimatlarının Gəncə və Bakıda keçirilməsi xəstəlik haqqında məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan yaratdı.
Bu təşəbbüsün əsas əhəmiyyəti ondan ibarətdir ki, maarifləndirmə yalnız tədbir günləri ilə məhdudlaşmır. Kitab valideynlər, pasiyentlər, tibb işçiləri və digər maraqlı şəxslər üçün uzunmüddətli məlumat mənbəyidir.
4. “Nəfəs 360 – Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi”
2026-cı ildə həyata keçirdiyimiz bu layihə regional maarifləndirmənin və pasiyent icmasının gücləndirilməsinin əhəmiyyətini bir daha ortaya qoydu.
Layihə çərçivəsində müxtəlif bölgələrdə ailələrin, pasiyentlərin, tibb işçilərinin və ictimaiyyət nümayəndələrinin məlumatlandırılmasına diqqət yetirildi.
Layihənin yanaşması kompleks idi: aşkarlanma, diaqnostika, müalicə, ailə və psixoloji dəstək, pasiyent hüquqları, həkim-pasiyent əməkdaşlığı və cəmiyyətin məlumatlılığının artırılması.
Bu cür layihələrin əsas üstünlüyü ondan ibarətdir ki, onlar problemi yalnız bir tərəfdən deyil, bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edir.
Maarifləndirmə aşkarlanmanın və erkən müdaxilənin əsas şərtlərindən biridir.
Bizim təcrübəmizdə layihələrin mühüm nəticələrindən biri xəstəlik haqqında məlumatlılığın artması və daha çox ailənin diaqnostika imkanları barədə məlumat əldə etməsidir.
Hər yeni maarifləndirmə təşəbbüsündən sonra xəstəlikdən şübhələnən, müayinəyə yönələn və ya əvvəllər xəstəlik haqqında məlumatı olmayan ailələrlə əlaqələrin yaranmasını müşahidə edirik.
Təbii ki, aşkarlanmanın artmasını yalnız bir layihənin nəticəsi kimi qiymətləndirmək düzgün olmaz. Burada səhiyyə sisteminin imkanları, həkimlərin məlumatlılığı və diaqnostik xidmətlərin əlçatanlığı da mühüm rol oynayır. Lakin QHT-nin maarifləndirmə fəaliyyəti bu prosesin vacib hərəkətverici qüvvələrindən biridir.
Bu gün təşkilatımızın məlumat bazasında ölkə üzrə kf diaqnozu təsdiqlənmiş kistoz fibroz pasiyenti barədə məlumat mövcuddur. Bu rəqəm ölkədəki bütün pasiyentlərin tam sayı kimi qəbul edilməməlidir. Lakin o, illər ərzində formalaşdırılmış pasiyent əlaqələrinin və icma işinin konkret göstəricilərindən biridir.
QHT fəaliyyəti səhiyyə sisteminə də töhfə verməlidir
Mən hesab edirəm ki, səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər yalnız pasiyentlərin problemlərini səsləndirməklə kifayətlənməməli, eyni zamanda sistemin inkişafına töhfə verməlidirlər.
Maariflənmiş ailə həkimlə daha düzgün əməkdaşlıq edir. Məlumatlı tibb işçisi xəstəliyin əlamətlərinə daha diqqətlə yanaşır. Hüquqlarını bilən pasiyent tibbi və sosial xidmətlərə çıxış imkanlarını daha yaxşı müdafiə edir.
QHT-lər isə bu tərəflər arasında əlaqələndirici körpü rolunu oynaya bilərlər
Bizim fəaliyyətimiz zamanı ortaya çıxan problemlər, ailələrdən toplanan məlumatlar, pasiyentlərin ehtiyacları və tibbi xidmətlərlə bağlı müşahidələr müvafiq qurumlarla müzakirələr üçün əsas yaradır. Beləliklə, layihə yalnız tədbir iştirakçılarına deyil, daha geniş səhiyyə sisteminə də fayda verə bilər.
Pasiyent vəkilliyi, ictimai lobbiçilik və hüquqların müdafiəsi də bu fəaliyyətin ayrılmaz hissəsidir. Çünki bəzi problemlər yalnız məlumatlandırma ilə həll olunmur. Onların həlli üçün davamlı ictimai təşəbbüs, müvafiq qurumlarla dialoq və konkret təkliflər tələb olunur.
Layihələrin effektivliyinin qiymətləndirilməsinə yeni yanaşma lazımdır
Düşünürəm ki, Azərbaycanda QHT layihələrinin qiymətləndirilməsi zamanı yalnız keçirilən tədbirlərin, iştirakçıların və xərclənən vəsaitin hesablanması ilə kifayətlənməməliyik.
Layihənin real nəticələrini müəyyən edən göstəricilər də qiymətləndirməyə daxil edilməlidir:
- Maarifləndirmə nəticəsində məlumatlılıq səviyyəsində baş verən dəyişikliklər;
- Yeni aşkarlanan və ya diaqnostikaya yönləndirilən şəxslərlə bağlı göstəricilər;
- Təlim keçmiş və biliklərini praktikada tətbiq edən mütəxəssislərin sayı;
- Hüquqi və sosial dəstək alan benefisiarların sayı;
- Pasiyentlərin tibbi və sosial xidmətlərə çıxışında yaranan müsbət dəyişikliklər;
- Dövlət qurumlarına təqdim olunan təkliflərin və onların nəticələrinin izlənilməsi;
- Layihədən sonra davam edən təşəbbüslər və formalaşan əməkdaşlıqlar.
Belə yanaşma həm QHT-lərin məsuliyyətini artırar, həm də dövlət dəstəyinin və qrant vəsaitlərinin ictimai faydasını daha aydın göstərər.
Nəticə: Layihənin əsl dəyəri insan həyatında yaratdığı dəyişiklikdir.
QHT fəaliyyəti mənim üçün sadəcə layihələr həyata keçirmək deyil. Bu, illərlə diqqətdən kənarda qalmış bir problemin cəmiyyətin gündəminə gətirilməsi, insanların məlumatlandırılması, pasiyentlərin hüquqlarının müdafiəsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması uğrunda davamlı mübarizədir.
Bizim sahədə hər məlumatlandırılan ailə, vaxtında müayinəyə yönələn pasiyent, xəstəliyi daha yaxşı tanıyan həkim, hüququnu bilən insan və həllinə nail olmaq üçün gündəmə gətirilən hər bir problem konkret nəticədir.
Əlbəttə, bütün problemlər bir layihə ilə həll edilmir. Bəzən illərlə çalışmaq, eyni məsələni dəfələrlə gündəmə gətirmək, müxtəlif qurumlarla əməkdaşlıq etmək lazım gəlir. Lakin əsas məsələ istiqamətin düzgün seçilməsi, fəaliyyətin davamlılığı və nəticələrin izlənilməsidir.
Mən inanıram ki, güclü vətəndaş cəmiyyəti yalnız çoxsaylı layihələr həyata keçirən təşkilatlardan deyil, cəmiyyətdə real dəyişiklik yaradan, problemlərin həllinə töhfə verən, insanların həyatına toxunan və gördüyü işin nəticəsini göstərə bilən QHT-lərdən formalaşır.
Çünki layihənin uğuru onun neçə tədbirlə başa çatmasında deyil, neçə insanın həyatında yeni imkanlar yaratmasındadır.
QHT rəhbəri, pasiyent hüquqları müdafiəçisi Səadət Bayramova










