Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycan xalqının müstəqillik tarixindəki əhəmiyyəti haqqında fikirlərinu açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Azərbaycanın Milli Azadlıq Hərəkatında, müstəqilliyə gedən yolda 17 Noyabr Milli Dirçəliş Günü çox mühüm mərhələdir. Bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, xalqımız sonrakı dönəmlərdə azadlıq, müstəqillik ideyalarına sadiqliyini nümayiş etdirdi. Azərbaycanda Milli Azadlıq Hərəkatının genişlənməsi digər ittifaq respublikarında  canlanmaya səbəb oldu.

Tarixdə elə xalqlar, toplumlar var ki, əsrlər boyu müstəqillik uğrunda mücadilə aparıblar, amma azad ola bilməyiblər.

Bu gün şüküranlıq edirik ki, bizim müstəqil dövlətimiz var. Bu müqəddəs yolda əməyi olan, canı ilə, qanı  ilə, intellektual zəhməti ilə töhfə verən hər kəsi ehtiramla anırıq. Dünyasını dəyişənlərə ruhun şad olsun deyirik.

Bu müstəqilliyə istər etinasız yanaşan məmurun da, istərsə də xaricdən dil uzadan imperiya ideoloqlarının cəhdləri əbəsdir. Ona görə ki, Azərbaycan insanı müstəqil yaşamağa layiqdir, qadirdir.  Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli olsun!"