Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlarda müşahidə olunan problem deyil. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklərin riski daha erkən yaşlarda formalaşmağa başlayır və uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Xüsusilə 30 yaşdan sonra müntəzəm tibbi müayinələrin əhəmiyyəti artır.
QHT.az xarici mediaya istinadən bildirir ki, kardioloq, dosent Emrah Özdemir kişilərdə ürək-damar xəstəlikləri riskinin qadınlarla müqayisədə daha erkən yaşlarda artdığını və bu prosesin çox vaxt simptomsuz keçdiyini bildirib.
Mütəxəssis ABŞ-da aparılan və nəticələri “Journal of the American Heart Association” jurnalında dərc olunan uzunmüddətli tədqiqatın nəticələrini şərh edib.
Onun sözlərinə görə, araşdırma çərçivəsində 1985–1986-cı illərdə yaşı 18–30 arasında olan 5 112 nəfər 2020-ci ilin avqust ayınadək orta hesabla 34,1 il müddətində mütəmadi tibbi müayinələrdən keçirilib.
Dosent Emrah Özdemir tədqiqatın nəticələrinə əsasən qeyd edib ki, kişilərdə ürək xəstəlikləri riski təxminən 35 yaşından etibarən səssiz şəkildə artmağa başlayır.
Araşdırmanın məlumatlarına görə, kişilərdə ürək xəstəliyi riskinin daha aydın nəzərə çarpdığı orta yaş 50,5, qadınlarda isə 57,5 yaş olaraq müəyyən edilib. Beləliklə, kişilər ürək-damar xəstəlikləri ilə qadınlardan təxminən 7 il daha erkən qarşılaşa bilirlər.
Mütəxəssislər bu nəticələrin ürək sağlamlığının qorunması üçün profilaktik müayinələrin vaxtında aparılmasının vacibliyini bir daha göstərdiyini vurğulayırlar.










