İordaniya milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Telegram tətbiqinin ölkə ərazisində fəaliyyətini məhdudlaşdırıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, İordaniya İctimai Təhlükəsizlik İdarəsi bildirib ki, qərarın məqsədi ekstremizm və radikallaşma hallarının yayılmasının qarşısını almaq, cəmiyyətin təhlükəsizliyini qorumaqdır.

Qərar ölkədə təhlükəsizlik insidentlərinin artdığı bir dövrə təsadüf edir. Belə ki, noyabrın 5-də Ammanda baş verən terror hücumu zamanı bir təhlükəsizlik əməkdaşı həlak olub, digəri yaralanıb. Bundan əlavə, Suriyaya endirilən hava zərbələri nəticəsində İŞİD-in 20 üzvünün öldürüldüyü bildirilib.

Qeyd edək ki, İŞİD tərəfdarları uzun illərdir təbliğat materiallarının yayılması üçün Telegram-dan istifadə edirlər. Tətbiqin yaradıcısı Pavel Durov isə platformanın qanunsuz fəaliyyətlərlə mübarizə apardığını və aidiyyəti qurumlarla əməkdaşlıq etdiyini bildirir.

Zəhra Mansırova