“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi (CWMW) Latviyada həyata keçiriləcək “Fit Future” Erasmus+ gənclər mübadiləsi layihəsinə hazırlıq çərçivəsində Azərbaycanda müxtəlif gənclər qrupları ilə görüşlər keçirib.

30 noyabr – 7 dekabr 2026-cı il tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək layihədə Azərbaycanla yanaşı, Latviya, Slovakiya, Rumıniya və Türkiyədən olan gənclər iştirak edəcəklər. 18–30 yaş arası gənclər üçün nəzərdə tutulan proqram çərçivəsində hər ölkədən 8 iştirakçı və bir qrup rəhbərinin iştirakı planlaşdırılır. Azərbaycanı beynəlxalq layihədə təmsil edəcək gənclər artıq seçilib və iştiraka hazırlaşırlar.

Hazırlıq mərhələsində gənclərlə bir neçə görüş təşkil olunub. Görüşlərdə layihənin məqsədləri, əsas istiqamətləri və iştirakçılardan gözlənilən öhdəliklər barədə ətraflı məlumat verilib. Həmçinin sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik, psixoloji rifah, bədən görünüşü ilə bağlı stereotiplər və sosial inklüzivlik kimi mövzular ətrafında müzakirələr aparılıb.

Görüşlər zamanı Azərbaycan gənclərinin bu mövzulara böyük maraq göstərdiyi və beynəlxalq təcrübə mübadiləsində iştirak etməyə həvəsli olduqları müşahidə edilib. Gənclər layihənin yalnız xarici ölkədə keçirilən proqram deyil, həm də yeni biliklər qazanmaq, fərqli mədəniyyətləri tanımaq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək, əldə etdikləri təcrübəni öz ətrafları ilə bölüşmək baxımından əhəmiyyətli imkan olduğunu qeyd ediblər.

Müzakirələr və namizədlərin marağının qiymətləndirilməsi nəticəsində Azərbaycanı layihədə təmsil edəcək iştirakçılar müəyyənləşdirilib.

Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək, fiziki və psixoloji rifah barədə məlumatlılığı artırmaqdır. İştirakçılar qeyri-formal təhsil metodları, praktiki fəaliyyətlər və mədəniyyətlərarası ünsiyyət vasitəsilə sağlam qidalanma, fiziki aktivlik, psixoloji dayanıqlılıq və sosial inklüzivlik sahəsində bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

CWMW üçün layihənin mühüm istiqamətlərindən biri də əldə edilən bilik və təcrübənin Azərbaycanda daha geniş gənclər auditoriyasına çatdırılmasıdır. Bu məqsədlə iştirakçıların Latviyadan qayıtdıqdan sonra Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında gənclərlə görüşlər keçirməsi, qazandıqları təcrübəni bölüşməsi və sağlam həyat tərzinin təşviqinə yönəlmiş müzakirələrdə iştirak etməsi nəzərdə tutulur.

Beləliklə, layihənin nəticələrinin yalnız iştirakçılarla məhdudlaşmaması, daha çox gəncin məlumatlandırılması, onların sağlam, fəal və məsuliyyətli həyat tərzinə marağının artırılması hədəflənir.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi hesab edir ki, beynəlxalq gənclər mübadiləsi proqramları gənclərin şəxsi inkişafı ilə yanaşı, onların cəmiyyət həyatında fəal iştirakına, yeni təşəbbüslər irəli sürməsinə və yerli icmalarda müsbət dəyişikliklərə töhfə verməsinə də şərait yaradır.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi və təşkilatının rəhbəri Südabə Şirəliyeva