İrəvan şəhərində yerləşən Göy məscid Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin dini-mədəni irsinin mühüm nümunələrindən biridir. İndi həmin məscidə erməni şairinin adının verilməsi bütün xalqımızda olduğu kimi “Davamlı İnkişafa Doğru” İctimai Birliyinin üzvlərində də ciddi narahatlıq və kəskin etiraz doğurur. Ermənistan dövləti tərəfindən atılmış bu addım təkcə tartixi abidəmizin adlandırılması məsələsi deyil, tarixi yaddaşımıza, mədəni irsimizə və dini dəyərlərimizə böyük hörmətsizlikdir.
İrəvan xanlığının hakimi Hüseynəli xan Qacar tərəfindən 1764–1766-cı illərdə tikilmiş Göy məscid Azərbaycan türklərinin yaratdığı şəhərsalma və İslam memarlığı irsinin mühüm nümunələrindən biridir. İrəvan şəhərinin ən böyük məscidi olmuş Göy məscid təxminən 7 min kvadrat metr ərazini əhatə edərək, ibadət zalı, mədrəsə, kitabxana, din xadimləri üçün otaqlar, fəvvarəli hovuz və 4 böyük minarədən ibarət olmaqla tarixi İslam abidəsidir.
Göy məscid Azərbaycan memarlıq ənənələrinin, Azərbaycan mədəniyyətinin və ümumilikdə çoxəsrlik tarixi keçmişimizin ən mühüm yadigarı, maddi mədəni irsimizin təkrarolunmaz abidəsidir.
Bu gün Azərbaycan xalqının tarixi keçmişi üçün çox əhəmiyyətli olan belə bir abidənin erməni şairinin adı ilə tanıdılması mədəni irsimizə böyük təhqirdir. Digər tərəfdən, hər bir xalqın mədəni irsinə hörmət beynəlxalq mədəniyyət və sivilizasiyalararası münasibətlərin əsas prinsiplərindən biri kimi qəbul edilmişdir. Bu münasibətləri belə nəzərə almadan onları tapdalayan erməni vandalizmi xalqımız tərəfindən ciddi qınanılır, dini inancımızın, mənəvi yaddaşımızın təhqiri kimi qəbul edilir.
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi olaraq bu məsələyə həssaslıq nümayiş etdirir və Ermənistan rəhbərliyindən tarixi və mədəni irsimizə siyasi yanaşmadan imtina etməsini tələb edir, UNESCO-nu, eləcə də mədəni irsin qorunması ilə məşğul olan bütün beynəlxalq qurumların bu məsələyə diqqət yetirməsini xahiş edirik. Həmin təşkilatlar unutmasın ki, gələcəkdə bu məsələ elə onlar üçün də bumeranq təsiri yarada bilər.
Unutmayaq ki, Göy məscid təkcə memarlıq abidəsi deyil, o həm də Azərbaycan xalqının tarixi yaddaşı, milli-mədəni irsimizin və dini dəyərlərimizin daşıyıcısıdır. Heç bir siyasi qərar və ya qondarma adlandırma təşəbbüsü tarixi faktları dəyişdirə bilməz.
“Davamlı İnkişafa Doğru” İB-nin sədri Namiq Heydərov










