Samsung 2026-cı ilin sonundan etibarən Galaxy cihazları üçün nəzərdə tutulan iki artırılmış reallıq tətbiqinin fəaliyyətini dayandırmağa hazırlaşır. Quick Measure və AR Doodle tətbiqləri dekabrın 31-dən sonra Galaxy Store-da yeni istifadəçilər üçün əlçatan olmayacaq. Qərar əvvəllər tətbiqləri yükləyən istifadəçilərə də təsir göstərə bilər.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Samsung hər iki tətbiqin Galaxy Store səhifəsində xidmətin dayandırılması ilə bağlı məlumat yerləşdirib.
Tətbiqlərdən biri olan Quick Measure real dünyadakı obyektlərin məsafəsini və ölçülərini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Artırılmış reallıq texnologiyasından istifadə edən proqram fiziki ölçü alətinə ehtiyac olmadan müxtəlif ölçmələr aparmağa imkan verir.
AR Doodle isə foto və videolar üzərində rəsm çəkmək, görüntülərə üçölçülü effektlər əlavə etmək funksiyalarını təqdim edir.
Samsung-un açıqlamasına əsasən, dekabrın 31-dən sonra hər iki tətbiqin yeni yüklənməsi dayandırılacaq və mövcud versiyalar üçün yeniləmələr yayımlanmayacaq. Bununla belə, tətbiqlər istifadəçilərin cihazlarından avtomatik silinməyəcək.
Şirkət əvvəllər Quick Measure və AR Doodle tətbiqlərini yükləyənlərin onlardan istifadəni davam etdirə biləcəyini bildirib. Lakin bəzi funksiyaların düzgün işləməməsi mümkündür.
Əsas problem isə gələcək əməliyyat sistemi yeniləmələri ilə bağlıdır. Samsung tətbiqlərin yeni əməliyyat sistemi versiyaları ilə uyğunluğunu təmin etmək üçün yeniləmə hazırlamayacaq. Bu səbəbdən 2027-ci ildən etibarən telefonlarını yeni proqram təminatı ilə yeniləyən istifadəçilər bəzi funksiyaların işləməməsi ilə qarşılaşa bilərlər. Hətta uyğunluq problemləri nəticəsində tətbiqlərin tamamilə fəaliyyətini dayandırması da istisna edilmir.
Samsung yaranacaq narahatlıqlara görə istifadəçilərdən üzr istəyib və gələcəkdə təkmilləşdirilmiş xidmətlərlə geri qayıtmağı hədəflədiyini açıqlayıb. Bununla belə, şirkətin Quick Measure və AR Doodle tətbiqlərini yenidən istifadəyə verəcəyi hələlik dəqiq deyil.










