2027-ci il istehsalı Mercedes-Benz EQS 450+ elektrikli avtomobili real sürüş şəraitində keçirilən sınaq zamanı bir şarjla 867 kilometr məsafə qət edib. Nəticə avtomobilin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) açıqladığı 752 kilometrlik yürüş proqnozunu 115 kilometr üstələyib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, sınaq ABŞ-ın Edmunds şirkəti tərəfindən keçirilib. Mercedes-Benz EQS 450+ bu nəticə ilə şirkətin indiyədək sınaqdan keçirdiyi elektrik sedanları arasında ən yüksək yürüş məsafəsinə nail olub.

Bununla belə, 867 kilometr elektrikli avtomobillər arasında dünya üzrə mütləq rekord hesab edilmir. Ginnesin Dünya Rekordları üzrə bir şarjla ən uzun məsafə göstəricisi Audi A6 Sportback e-tron modelinə məxsusdur. Həmin avtomobil 1338,69 kilometr yol qət edib.

Mercedes-Benz EQS 450+ modelində 122 kVt/saat tutumlu batareyadan istifadə olunur. Əvvəlki model ilində bu göstərici 118 kVt/saat təşkil edirdi. Batareya tutumunun artırılması ilə yanaşı, avtomobilin enerji səmərəliliyini yüksəldən bir sıra texniki təkmilləşdirmələr də həyata keçirilib.

Modelin 800 voltluq elektrik arxitekturası, arxa elektrik mühərrikində iki pilləli transmissiya və təkmilləşdirilmiş enerji bərpa sistemi bu yeniliklər sırasındadır. Avtomobilin aerodinamik dizaynı da yürüş məsafəsinin artırılmasına töhfə verir.

Edmunds tərəfindən aparılan sınaq ABŞ-ın Cənubi Kaliforniya bölgəsində həyata keçirilib. Marşrutun təxminən 60 faizi şəhərdaxili yollardan, 40 faizi isə magistral yollardan ibarət olub. Orta sürət saatda 64 kilometr təşkil edib.

Sınaq zamanı avtomobilin Eco rejimindən və yüksək səviyyəli regenerativ əyləcləmə sistemindən istifadə olunub. Kondisioner isə 22 dərəcəyə uyğunlaşdırılıb.

Əldə olunan nəticə elektrikli avtomobillərin real istifadə şəraitində yürüş məsafəsinin rəsmi göstəricilərdən daha yüksək ola biləcəyini bir daha nümayiş etdirib.