Qış aylarında uşaqlar arasında yoluxucu xəstəliklərin yayılması ilə bağlı mütəxəssislər valideynlərə xəbərdarlıq ediblər. Həkimlər bildirirlər ki, qızdırma xəstəlik deyil, orqanizmin infeksiyaya verdiyi reaksiyadır. Üç gündən artıq davam edən hərarət zamanı isə mütləq həkimə müraciət edilməlidir.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədris prosesinin bərpası və soyuq hava şəraiti ilə əlaqədar uşaqlar arasında yoluxma riskləri artır. Tibb fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, dosent Özge Metin Akcan xüsusilə qış aylarında qapalı məkanların mütəmadi havalandırılmasının və şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyini vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, hazırda uşaqlar arasında suçiçəyi, qrip və xalq arasında “BETA” kimi tanınan streptokok mənşəli boğaz infeksiyalarına rast gəlinir. Bu xəstəliklərin yayılmasının qarşısını almaq üçün əllər mütəmadi yuyulmalı, xəstə uşaqlar mümkün qədər məktəbə göndərilməməlidir. İshal zamanı isə imkan daxilində ayrıca tualetdən istifadə olunması tövsiyə edilir.

Dosent qeyd edib ki, boğaz infeksiyası səbəbindən evdə istirahət edən uşaqlar yalnız həkimin tövsiyə etdiyi vaxtda məktəbə qayıtmalıdırlar. Həmçinin suçiçəyinə qarşı peyvənd olunmamış uşaqların peyvəndlənməsi məsələsinə diqqət yetirilməlidir.

Antibiotik hər infeksiyaya təsir etmir

Özge Metin Akcan bildirib ki, uşaqların tez-tez həkimə aparılması bəzi hallarda antibiotiklərdən lazımsız istifadənin artmasına səbəb ola bilər. Halbuki infeksiyaların əksəriyyəti virus mənşəli olduğundan antibiotiklər belə hallarda təsir göstərmir.

Həkimin sözlərinə görə, xəstəlik zamanı uşağın kifayət qədər istirahət etməsi, yuxu rejiminə və qidalanmasına diqqət yetirilməsi, eləcə də bol maye qəbul etməsi vacibdir.

Qızdırma zamanı uşağa necə qulluq edilməlidir?

Mütəxəssis vurğulayıb ki, qızdırma valideynlərin ən çox narahat olduğu əlamətlərdən biridir. Belə hallarda uşağın vəziyyəti diqqətlə izlənilməli, üst geyimləri yüngülləşdirilməli və otaq temperaturuna uyğun şərait yaradılmalıdır.

Həkim həmçinin ilıq su ilə yuyunmağı və qızdırmasalıcı preparatları yalnız uyğun dozada istifadə etməyi tövsiyə edib. Dərmanın təkrar verilməsi zamanı isə həkimin müəyyən etdiyi vaxt intervallarına əməl olunmalıdır.

Dosent Özge Metin Akcan xüsusilə üç gündən artıq davam edən qızdırma zamanı uşağın mütləq həkim müayinəsindən keçirilməsinin vacibliyini diqqətə çatdırıb.