Neandertallardan müasir insanlara ötürülən genetik variantın şizofreniya riskinin azalması ilə əlaqəli olduğu müəyyən edilib. Yeni araşdırmaya görə, bu variantın iki nüsxəsini daşıyan insanlarda şizofreniya riski təxminən 10 faiz aşağıdır. Genetik xüsusiyyətin beynin görmə və zehni təsəvvürlə bağlı sahəsinin inkişafına da təsir etdiyi bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan tədqiqatda Neandertal mənşəli genetik variantın müasir insanların beyin quruluşu ilə əlaqəsi araşdırılıb.
Məlumata görə, müasir insanların təkamül baxımından yaxın qohumları olan Neandertallar təxminən 40 min il əvvəl yox olublar. Lakin keçmişdə iki növ arasında baş verən cütləşmələr nəticəsində Afrika xaricində yaşayan müasir insanların DNT-sinin təxminən 1-4 faizi Neandertal mənşəlidir. Saxaradan cənubda yaşayan əhali qruplarında isə bu genetik irsin daha az olduğu düşünülür.
Araşdırmada müəyyən edilib ki, Neandertallardan müasir insanlara ötürülən genetik variant beynin arxa hissəsində yerləşən oksipital payın inkişafına təsir göstərir. Görmə qabığının yerləşdiyi bu sahə görmə, zehni təsəvvür və oxuma kimi funksiyalarda mühüm rol oynayır.
Tədqiqatçıların fikrincə, Neandertalların oksipital payı müasir insanlarla müqayisədə daha böyük olub. Bunun əksinə olaraq, sözügedən genetik variantı daşıyan müasir insanlarda bu beyin sahəsinin həcmi daha kiçikdir. Araşdırmanın nəticələrinə əsasən, variantın hər bir nüsxəsi oksipital payın həcminin təxminən 0,85 kubsantimetr azalması ilə əlaqələndirilir.
Genetik variantın beyin inkişafında iştirak edən zülalları kodlaşdıran DAAM1 geninin yaxınlığında yerləşdiyi bildirilir.
Araşdırmada həmin genetik variantın iki nüsxəsini daşıyan insanlarda şizofreniya riskinin təxminən 10 faiz aşağı olduğu da müəyyən edilib. Bununla yanaşı, variantın zəka və digər əsas psixiatrik pozuntularla əlaqəsi aşkar olunmayıb.
Tədqiqatın müəllifləri, təkamül genetikləri Hüqo Zeberq və Svante Pääbo bildiriblər ki, Neandertal mənşəli bu variant müasir insanlarda dəyişmiş beyin anatomiyası və daha aşağı şizofreniya riski ilə əlaqəlidir. Lakin onun ümumi idrak qabiliyyəti ilə əlaqəsi çox zəifdir və ya ümumiyyətlə yoxdur.
Alimlər beynin müəyyən bir hissəsinin ölçüsünü insanın intellektual qabiliyyəti ilə eyniləşdirməyin düzgün olmadığını vurğulayıblar.
Qeyd edək ki, araşdırma İsveçdəki Karolinska İnstitutundan Hüqo Zeberq və Almaniyadakı Maks Plank Təkamül Antropologiyası İnstitutunda çalışan, 2022-ci il Nobel mükafatı laureatı Svante Pääbo tərəfindən aparılıb. Alimlər Neandertal genlərinin müasir insanların sağlamlığına təsirlərini öyrənirlər.










