Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
Bu dəfə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin uğur hekayəsi təqdim edilib.
QHT.az Cəsarət Hüseynzadənin hekayəsini təqdim edir:
"QHT-lər və dövlət qurumları birgə fəaliyyət göstərməlidir. Birgə fəaliyyət nə qədər güclü olarsa, bu, cəmiyyətin inkişafına bir o qədər xidmət edər.
Vətəndaş cəmiyyətinə marağım ali təhsil aldığım dövrdən yaranmışdı. Həmin dövrdən etibarən vətəndaş cəmiyyəti ilə bağlı bir neçə proqramda iştirak etmişdim. Bu həvəs məni uzun müddətdən sonra qeyri-hökumət sektoruna gətirdi.
İlk dövrlərdə bir neçə qeyri-hökumət təşkilatında fəaliyyət göstərirdim. Həm könüllü kimi çalışır, həm də layihələrdə iştirak edirdim. Bu müddətdə ABŞ-a səfər proqramının qalibi oldum və 21 gün ərzində ABŞ-da QHT liderlərinin inkişafı proqramı çərçivəsində təcrübə keçdim. Başqa bir ölkənin timsalında QHT-lərin nə dərəcədə güclü olduğunu gördüm. Xarici təcrübə və şəxsi maraqlarım məni birmənalı olaraq qeyri-hökumət sektoruna gətirdi.
QHT sektorunda fəaliyyət göstərərkən çalışırdım ki, elə bir layihə həyata keçirək ki, həm fərqli olsun, həm də hamının maraqlarını ifadə etsin. Günlərin birində hiss etdim ki, vətəndaş cəmiyyəti ilə bağlı əsas problemlərdən biri QHT-lərin informasiya mühiti ilə əlaqədardır. Bu gün QHT-lər yüzlərlə layihə icra edir, müxtəlif tədbirlər həyata keçirirlər. Lakin təəssüf ki, onların cəmiyyətə çatdırılmasında, vətəndaşlara təqdim olunmasında müəyyən problemlər var.
Bu istiqamətdən yola çıxaraq Azərbaycanda ilk dəfə QHT-lərin vahid platforması olan QHT.az saytını yaratdım. QHT.az saytı 2015-ci ildə fəaliyyətə başladı və, deyərdim ki, ən uğurlu layihələrimizdən biri oldu.
İlk mərhələdə bu sayta maraq bir qədər az idi. Tanınmış QHT rəhbərlərinə müraciət edəndə, mövzularla bağlı fikirlərini öyrənmək istəyəndə bəzən bizə cavab vermirdilər. Lakin zaman keçdikcə gördük ki, QHT.az platforması cəmiyyətdə öz yerini tutub. Hazırda QHT.az demək olar ki, QHT-lərin fəaliyyətini işıqlandıran ölkədə yeganə platformadır.
Sonrakı dövrlərdə ictimai birlik olaraq ictimai nəzarətin inkişafı məsələləri ilə bağlı tanınmağa başladıq. Xüsusilə 2020-ci ildən etibarən ölkədə ictimai iştirakçılığın inkişafı və İctimai şuraların fəaliyyətinin genişləndirilməsi istiqamətində layihələrə başladıq.
Bəzi İctimai şuraların fəaliyyətində ciddi çətinliklər var idi. Bunun səbəblərindən biri İctimai şuraların üzvlərinin, eyni zamanda QHT nümayəndələrinin məlumatsızlığı idi. Onlar hansı fəaliyyətlə məşğul olacaqlarını bilmirdilər. Bu səbəbdən informasiya mühiti yaratmaq məqsədilə İctimaiShura.az platformasını yaratdıq və bu platforma çərçivəsində bütün İctimai şuraları vahid məkanda birləşdirə bildik.
Bu layihələr bütün dövlət qurumlarını əhatə etməyə başladı. İlk növbədə, İctimai şuraların fəaliyyətinin monitorinqini apardıq. Eyni zamanda uğurlu İctimai şuraların fəaliyyətinə diqqət çəkmək üçün onlayn sorğular keçirməyə başladıq. Dövlət qurumlarının ictimai iştirakçılıqla bağlı fəaliyyətinin monitorinqini həyata keçirdik.
Məlum oldu ki, bəzi qurumlarda İctimai şuralar daha yaxşı fəaliyyət göstərir, digərlərində isə passivdir. Hesab etdik ki, bu fəaliyyəti müəyyən formada qiymətləndirmək lazımdır. Bunun üçün ekspert şurası yaratdıq və ekspertlərimizin dəstəyi ilə ən yaxşı İctimai şuraları qiymətləndirdik.
Qeyd etmək istəyirəm ki, fəaliyyətimiz müəyyən dövrlərdə dövlət qurumları tərəfindən də müsbət qiymətləndirilib. Müxtəlif sertifikat və diplomlarla təltif olunmuşuq.
Təşkilatımızın fəaliyyətinin mühüm hissəsini ictimai fəaliyyət təşkil edir. Müxtəlif ictimai-sosial tədbirlərdə fəal iştirak edirik.
2024-2025-ci illərdə Qərbi Azərbaycanla bağlı iki layihə icra etdik. Qərbi Azərbaycan irsi.az platformasını yaratmaqla ilk dəfə olaraq Qərbi Azərbaycanın mədəni irsini vahid platformada birləşdirə bildik.
Eyni zamanda həmin layihə çərçivəsində Qərbi Azərbaycanın mədəni irsi ilə bağlı 12 abidə nümunəsi haqqında qısametrajlı filmlər hazırladıq. Bu filmlər Azərbaycan və ingilis dillərində ərsəyə gətirildi.
Təşkilatımız tərəfindən müxtəlif sosial layihələr də icra edilib. Xatırlayıram ki, Nəsiminin 650 illiyi ilə bağlı Nəsimi filminin surdotərcüməli variantı hazırlanmışdı. Bu layihə çox maraqla qarşılandı. Filmin təqdimatı eşitmə məhdudiyyətli uşaqların iştirakı ilə keçirildi. Tədbirdə dövlət qurumlarının nümayəndələri də qonaq qismində iştirak etdilər. Çox maraqlı layihə oldu.
Digər bir layihə çərçivəsində isə “Qalanın sirri” filmini surdotərcüməli variantda hazırladıq. Bu kimi çoxsaylı layihələrimiz olub.
Eyni zamanda təşkilat olaraq hesab edirik ki, regionlarda sosial layihələrin icrası da vacib məsələdir. Bu istiqamətdə həm əlilliyi olan uşaqlarla, həm çətin şəraitdə yaşayan uşaqlarla, həm də ahıl şəxslərlə bağlı müxtəlif layihələr həyata keçiririk.
Azərbaycanda azsaylı QHT-lərdəndir ki, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi BMT-nin İqtisadi və Sosial Şurasının üzvüdür. Bu status bizə imkan verir ki, beynəlxalq tədbirlərdə əməkdaşlarımız Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında rol oynasınlar.
Eyni zamanda, bu yaxınlarda Şərq Tərəfdaşlığı Forumuna da üzv qəbul olunmuşuq və fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik.
Təşkilatımız bir neçə yerli platformanın da üzvüdür. Bu sırada Açıq Hökumət Platformasının adını çəkə bilərəm. Eyni zamanda Vərəm Əleyhinə QHT Koalisiyasının da üzvüyük. Bu koalisiyalar çərçivəsində digər QHT-lərlə birgə həm ictimai nəzarətin gücləndirilməsi, həm də insanların hüquqlarının müdafiəsi sahəsində çalışırıq.
Ümumilikdə, ictimai məsələlərlə bağlı QHT olaraq hər zaman öndə olmağa çalışırıq. İstər ekoloji aksiyalarda yaxından iştirak etmişik, istərsə də digər tədbirlərdə Azərbaycanın mövqeyini hər zaman müdafiə etməyə çalışmışıq.
Hazırkı dövrdə hesab edirəm ki, QHT-lərin uğuru məhz dövlət qurumları ilə birgə fəaliyyətdən asılıdır. Bu gün Azərbaycanda QHT-lər üçün imkanlar yaradılıb. Eyni zamanda, biz vətəndaş cəmiyyəti təşkilatı olaraq hər zaman bu imkanların genişləndirilməsinin tərəfdarıyıq.
Gələcəkdə Azərbaycan QHT-lərinin əsas hədəfləri maliyyə mənbələrinin şaxələndirilməsi, ixtisaslaşmanın gücləndirilməsi və təşkilatların öz potensialının artırılması olmalıdır. Hər bir QHT bu istiqamətdə çalışmalıdır. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan QHT-lərinin bir çox uğurlu layihələrinin şahidi olacağıq. Bizim təşkilatımız da bu istiqamətdə fəaliyyətini davam etdirir".










