Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov din xadimlərinin dövlət qulluğunda və seçkili vəzifələrdə iştirakı ilə bağlı hüquqi məhdudiyyətləri izah edir və bu məsələ ətrafında mediada yaranan müzakirələr haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri açıqlayıb:
"Stəkanda fırtına yaradanların növbəti kampaniyası..
Din xadimləri əvvəlki qanunlara əsasən də dövlət qulluğunda və seçkili vəzifədə ola bilməzdi.
Yeni qüvvəyə minmiş "Dövlət Qulluğu Məcəlləsində" kimlərin dövlət qulluqçusu ola bilməməsi göstərilib. Sırada din xadimləri də göstərilir. Əslində bu məcəllə qüvvəyə minənə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna görə də din xadimləri dövlət qulluqçusu ola bilməzdi. Qanunda birbaşa göstərilməsə də 20.1.8-ci maddədə deyilirdi ki, dövlət qulluqçusunun "dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə" ixtiyarı yoxdur. Hazırda dövlət qulluğunda hasısa din xadiminin çalışmasına dair məlumat da yoxdur.
Həmçinin din xadimi dedikdə konkret dini müssisədə çalışan şəxs başa düşülür.
"Dini etiqad azadlığı haqqında" Qanunun 4-1-ci maddəsinə əsasən "Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir" və "Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır"
Yəni din xadimi olmuş şəxs indidə, bundan sonra da dövlət qulluqçusu ola bilər, bir şərtlə ki, həmin vaxtdan dini fəaliyyəti və din xadimi fəaliyyətini dayandırır.
Konstitusiyanın da müvafiq müddəaları dolayısı ilə din xadimlərinin dövlətin idarə edilməsində iştirakına məhdudiyyət qoyur. Din xadimləri həmçinin seçkili vəzifələr tuta bilməz.
Bir sözlə, bizdə və Türkiyə mediasıda dünəndən başlayan ajiotaj üçün heç bir əsas yoxdur.
Məcəllədə əvvəldən də mövcud olan məhdudiyyətin konkretləşdilməsi 1995-ci ildə qəbul olunan Konstitusiyanın 18-ci maddəsindən irəli gələn tələbdir".










