Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericiliyə geniş dəyişikliklər təklif olunur.

QHT.az Medianews.az-a istinadən  xəbər verir ki, Mülki Məcəllədə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda yenilik layihələri Milli Məclisin müzakirəsindədir.

Layihələr qəbul edilərsə, ölkədə dövlət qeydiyyatında olan bütün yerli QHT-lər yenidən qeydiyyatdan keçməli, fondların yaradılması üçün tələb olunan minimum nizamnamə kapitalı 10 dəfə artırılmalı, təşkilatların fəaliyyətinin dayandırılması və ləğvi üçün əsaslar genişləndirilməlidir.

Təkliflər bununla məhdudlaşmır. QHT-lərin hansı növlər üzrə yaradıla biləcəyi, nizamnamələrində hansı məlumatların əks olunacağı, maliyyə və daxili nəzarət mexanizmləri, rəhbər şəxslərlə bağlı məlumatların dövlət reyestrində yenilənməsi və xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyəti ilə bağlı qaydalar da dəyişdirilir.

Beləliklə, söhbət ayrı-ayrı texniki düzəlişlərdən deyil, vətəndaş cəmiyyəti təşkilatlarının yaradılması, qeydiyyatı, idarə olunması, maliyyələşdirilməsi və fəaliyyətinə dövlət nəzarəti ilə bağlı hüquqi çərçivənin yenilənməsindən gedir. Layihədəki əsas dəyişikliklərə və onların mümkün nəticələrinə nəzər salaq.

Bütün yerli QHT-lər yenidən qeydiyyatdan keçməlidir

Layihənin ən mühüm müddəalarından biri hazırda dövlət qeydiyyatında olan yerli ictimai birlik və fondların yenidən qeydiyyata alınmasıdır.

Təklifə görə, qanun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatına alınmış bütün yerli QHT-lər 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdırmalı və yenidən dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyinə) müraciət etməlidirlər.

Bu tələb yalnız yeni yaradılacaq təşkilatlara deyil, artıq uzun illərdir fəaliyyət göstərən QHT-lərə də şamil olunur. Deməli, təşkilatlar mövcud nizamnamələrini nəzərdən keçirməli, yeni müddəaları əlavə etməli və qeydiyyat üçün müvafiq sənədləri hazırlamalıdırlar.

Nizamnamələrə əlavə edilməsi tələb olunan əsas məsələlərdən biri daxili nəzarət mexanizmləridir. QHT-nin əmlakının və pul vəsaitlərinin nizamnamə məqsədlərinə uyğun istifadəsinə nəzarətin həyata keçirilməsi qaydası, bu nəzarəti aparan orqanın necə formalaşdırılması və hansı səlahiyyətlərə malik olması sənəddə göstərilməlidir.

Təşkilatların fəaliyyətləri çərçivəsində vəsait alması, toplaması, verməsi və ya köçürməsi zamanı terrorçuluğun maliyyələşdirilməsi risklərini minimuma endirməyə yönəlmiş qayda və prosedurların icrasına nəzarət üzrə səlahiyyət bölgüsü də müəyyənləşdirilməlidir.

Bu, QHT-lərin nizamnamələrinin məzmununu genişləndirir. Təşkilatlar yalnız fəaliyyət məqsədlərini, idarəetmə orqanlarını və üzvlük qaydalarını deyil, maliyyə vəsaitlərinin istifadəsinə daxili nəzarətin necə həyata keçiriləcəyini də sənədləşdirməli olacaqlar.

Yenidən qeydiyyat müddəti ilə bağlı digər mühüm məqam mümkün hüquqi nəticələrdir. Layihəyə əsasən, 30 gün ərzində yenidən dövlət qeydiyyatı üçün müraciət etməyən və ya qeydiyyatdan imtina alan təşkilatların fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediləcək, təşkilatın ləğvi üçün məhkəməyə müraciət olunacaq.

Beləliklə, burada iki ayrı hüquqi prosedur nəzərdə tutulur: əvvəlcə fəaliyyətin dayandırılması, daha sonra isə ləğv üçün məhkəməyə müraciət edilməsi. Təşkilatın ləğvi avtomatik baş vermir, bu barədə qərarı məhkəmə verməlidir.

Xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri üçün də keçid tələbləri müəyyənləşdirilir. Dövlət qeydiyyatında olan, lakin bağladıqları sazişin müddəti başa çatmış və ya ümumiyyətlə sazişi olmayan xarici təşkilatların filial və nümayəndəlikləri qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində saziş bağlamalı və ya onun müddətini uzatmalıdırlar. Onlar da bundan sonra yenidən dövlət qeydiyyatı üçün müraciət etməlidirlər.

Müəyyən edilmiş müddətdə bu tələbləri yerinə yetirməyən və ya yenidən qeydiyyatdan imtina alan xarici QHT filial və nümayəndəliklərinin fəaliyyəti də dayandırıla və ləğv olunmaları üçün məhkəməyə müraciət edilə bilər.

QHT-lər yalnız bir növ üzrə yaradıla biləcək

Layihə qeyri-hökumət təşkilatlarının təsnifatına da dəyişiklik gətirir. Təklifə əsasən, QHT-lər daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilə biləcəklər.

İctimai birliklərin fəaliyyət növləri peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq və iqtisadi sahələr üzrə müəyyənləşdirilir. Qanunla nəzərdə tutulan digər növlər də istisna edilmir.

Fondların isə ictimai faydalı fond, xeyriyyə fondu və qanunla müəyyən edilmiş digər növlər üzrə yaradılması təklif olunur.

Əsas yenilik ondan ibarətdir ki, hər bir ictimai birlik və fond yalnız bir növ üzrə təsis edilə biləcək. Bu, eyni təşkilatın bir neçə fərqli fəaliyyət istiqamətini vahid hüquqi struktur altında birləşdirməsinə məhdudiyyət yarada bilər.

Məsələn, həm təhsil, həm ekologiya, həm də sosial-humanitar sahədə layihələr həyata keçirən ictimai birlik yeni təsnifata uyğun olaraq hansı növ üzrə fəaliyyət göstərəcəyini müəyyənləşdirməli olacaq. Bu zaman təşkilatın nizamnaməsindəki məqsədlərin seçilmiş növə uyğunlaşdırılması da vacib məsələyə çevriləcək.

Dəyişikliklərin mümkün nəticələrindən biri QHT-lərin daha dar və konkret fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasıdır. Digər tərəfdən, indiyədək bir neçə sahədə fəaliyyət göstərən təşkilatlar nizamnamələrinə yenidən baxmalı, fəaliyyətlərinin hansı hissəsini əsas istiqamət kimi müəyyənləşdirəcəkləri barədə qərar verməli olacaqlar.

Burada vacib məqam odur ki, layihə yalnız təşkilatların adlandırılmasını deyil, onların hüquqi növünü və nizamnamə məqsədlərini də daha sıx əlaqələndirir. QHT-nin öz növünə və nizamnaməsində müəyyən edilmiş məqsədlərə uyğun fəaliyyət göstərməsi onun hüquqi statusu baxımından daha böyük əhəmiyyət qazanacaq.

Fond yaratmaq üçün minimum 100 min manat tələb olunacaq

Qanun layihəsinin diqqət çəkən digər müddəası fondların yaradılması üçün tələb olunan minimum nizamnamə kapitalının artırılmasıdır.

Hazırda fond yaradılarkən onun nizamnamə kapitalı ən azı 10 min manat olmalıdır. Yeni təklifə əsasən, bu məbləğ 100 min manata çatdırılır. Başqa sözlə, minimum tələb 10 dəfə artırılır.

Fondlar, adətən, müəyyən ictimai məqsədlərin həyata keçirilməsi, xeyriyyəçilik, sosial layihələrin maliyyələşdirilməsi, təhsil, elm və digər ictimai faydalı fəaliyyətlərin dəstəklənməsi üçün yaradılır. Bu qurumların fəaliyyətində maliyyə resurslarının olması vacibdir. Bununla belə, minimum kapitalın 100 min manata qaldırılması yeni fondların yaradılmasını xeyli çətinləşdirə bilər.

Xüsusilə məhdud maliyyə imkanları olan şəxslərin və kiçik təşəbbüs qruplarının fond yaratmaq imkanları darala bilər. Yeni tələb fond təsisçilərinin maliyyə imkanlarına daha böyük əhəmiyyət verəcək və fond formasında təşkilatlanmaq istəyənlər üçün ilkin maliyyə baryerini yüksəldəcək.

Burada bir məqamı dəqiqləşdirmək vacibdir: söhbət bütün QHT-lərin yaradılması üçün tələb olunan vəsaitdən deyil, məhz fondların minimum nizamnamə kapitalından gedir. İctimai birliklərin yaradılması üçün 100 min manatlıq belə tələb nəzərdə tutulmur.

Fəaliyyəti dayandırmaq səlahiyyəti məhkəmədən icra hakimiyyətinə keçir

Qanun layihəsinin ən mühüm hüquqi yeniliklərindən biri QHT-lərin fəaliyyətinin dayandırılması qaydasının dəyişdirilməsidir.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, qanunun tələblərini pozan QHT-nin, eləcə də xarici QHT-nin Azərbaycandakı filial və nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər.

Layihəyə görə isə bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanına verilməlidir. Başqa sözlə, dəyişiklik qəbul edilərsə, qanunvericiliyin tələblərinin pozulması hallarında təşkilatın fəaliyyətinin bir ilədək dayandırılması barədə qərarı məhkəmə deyil, müvafiq dövlət orqanı qəbul edə biləcək.

Bu, mövcud hüquqi mexanizmdə ciddi dəyişiklikdir. Çünki fəaliyyətin dayandırılması təşkilatın layihələrinə, maliyyə əməliyyatlarına, əməkdaşlarına, tərəfdaşlarına və ümumilikdə ictimai fəaliyyətinə birbaşa təsir göstərir. Qərar qəbul etmək səlahiyyətinin məhkəmədən inzibati orqana verilməsi isə dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini dəyişir.

Layihədə fəaliyyətin vaxtından əvvəl bərpası ilə bağlı qayda da yenilənir. Təklifə əsasən, fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda müvafiq icra hakimiyyəti orqanı təşkilatın fəaliyyətini müəyyən edilmiş müddət başa çatmadan bərpa edə biləcək.

Beləliklə, həm fəaliyyətin dayandırılması, həm də pozuntular aradan qaldırıldıqdan sonra onun vaxtından əvvəl bərpası inzibati orqanın səlahiyyətinə aid ediləcək.

Xatırladaq ki, layihə QHT-lərin ləğvi ilə bağlı qərarın icra hakimiyyəti orqanına verilməsini nəzərdə tutmur. Ləğv məsələsi məhkəmə qaydasında həll edilməlidir.

Fəaliyyətin dayandırılması üçün yeni əsaslar müəyyənləşdirilir

Layihədə QHT-lərin və xarici QHT filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması üçün əsasların da genişləndirilməsi nəzərdə tutulur.

Yeni əsaslar sırasında təşkilatın fəaliyyətində şəffaflığın təmin edilməməsi, korrupsiya hüquqpozmalarına qarşı qanunvericiliyin tələblərinin yerinə yetirilməməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməməsi göstərilir. Hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmaması da bu sıraya daxildir.

Bu müddəalar QHT-lərin maliyyə əməliyyatlarına və daxili nəzarət sistemlərinə dair öhdəliklərini artırır. Təşkilatlar daxil olan vəsaitlərin mənbəyini, onların hansı məqsədlərə xərcləndiyini və maliyyə əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edən mexanizmlərə malik olmalıdırlar.

Layihədə rəhbər şəxslərin səlahiyyət müddəti ilə bağlı tələb də var. İctimai birliyin icra orqanının, fondun prezidentinin və ya idarə heyətinin, habelə xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilməzsə, bu hal fəaliyyətin dayandırılması üçün əsas ola biləcək.

Bu tələb təşkilatların rəhbərliyi ilə bağlı məlumatların dövlət reyestrində vaxtında yenilənməsini nəzərdə tutur. Deməli, rəhbər şəxsin dəyişməsi və ya onun səlahiyyət müddətinin başa çatması yalnız təşkilatın daxili idarəetmə məsələsi deyil, dövlət qeydiyyatında da vaxtında rəsmiləşdirilməli olan hüquqi öhdəlik olacaq.

Xarici QHT-lərin filial və nümayəndəlikləri ilə bağlı sazişlərin müddətinin başa çatması da layihədə ayrıca nəzərə alınır. Belə qurumların saziş bağlamaq və ya onun müddətini uzatmaqla bağlı tələbləri yerinə yetirməməsi fəaliyyətin dayandırılması üçün əsaslardan biri kimi müəyyənləşdirilir.

QHT-lərin ləğvi üçün əsaslar genişləndirilir

Layihə yalnız təşkilatların fəaliyyətinin dayandırılması qaydasını deyil, onların ləğvi üçün əsasları da əhəmiyyətli dərəcədə genişləndirir.

Təklifə əsasən, QHT-nin fəaliyyətinin dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratması, insanların həyatı və sağlamlığı üçün real təhlükə törətməsi onun ləğvi üçün əsas ola biləcək.

Təşkilatın daxili idarəetməsi və faktiki fəaliyyəti ilə bağlı bir sıra hallar da ləğv əsasları sırasına daxil edilir.

Belə ki, ardıcıl üç il ərzində ümumi yığıncağı çağırılmayan və ya üç ildən artıq müddətdə fəaliyyət göstərməyən QHT-nin ləğvi mümkün olacaq. Bu müddəalar faktiki fəaliyyət göstərməyən və daxili idarəetmə mexanizmlərini işlətməyən təşkilatların hüquqi statusuna yenidən baxılmasına imkan yaradır.

Digər mühüm dəyişiklik xəbərdarlıqların sayı ilə bağlıdır. Layihəyə əsasən, bir il ərzində iki və daha çox yazılı xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması barədə göstəriş verilən təşkilatın ləğvi üçün məhkəməyə müraciət edilə bilər. Bu, hazırkı qanunvericilikdəki iki xəbərdarlıqdan çox olması tələbi ilə müqayisədə həddin aşağı salınması deməkdir.

Fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmaması da ləğv üçün əsaslardan biri kimi nəzərdə tutulur. Eyni qayda fəaliyyətinin dayandırıldığı dövrdə qanunla icazə verilən hallar istisna olmaqla fəaliyyətini davam etdirən təşkilatlara da şamil edilə bilər.

Layihədə maliyyə qanunvericiliyinin pozulması ilə bağlı hallar da nəzərə alınır. Belə ki, QHT çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən və ya ona qarşı hədəfli maliyyə sanksiyası tətbiq edildikdən sonra pozuntuları aradan qaldırmazsa, bu, ləğv üçün əsas ola bilər.

Digər bir müddəa təşkilatın öz hüquqi növünə və nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərməsi ilə bağlıdır. QHT-nin qanunla müəyyən edilmiş növünə və ya nizamnaməsində göstərilən məqsədlərə uyğun olmayan fəaliyyətlə məşğul olması da ləğv məsələsinin qaldırılmasına səbəb ola bilər.

Xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri üçün əlavə əsaslar nəzərdə tutulur. Onlarla bağlanmış sazişin müddəti başa çatdıqda, müddətin uzadılması üçün müraciət edilmədikdə və ya sazişin müddəti uzadılmadıqda, bu hal da ləğv üçün əsas kimi müəyyənləşdirilir.

Burada diqqət çəkən məqam odur ki, layihə QHT-lərin ləğvini yalnız ağır hüquqpozuntuları ilə əlaqələndirmir. Təşkilatın uzun müddət fəaliyyət göstərməməsi, ümumi yığıncaqların keçirilməməsi, təkrar xəbərdarlıqlar alması və nizamnamə məqsədlərindən kənara çıxması da hüquqi statusunun itirilməsi ilə nəticələnə biləcək hallara çevrilir.

Bununla belə, göstərilən hallar avtomatik ləğv demək deyil. Təşkilatın ləğvi üçün məhkəməyə müraciət edilməli və müvafiq qərar məhkəmə tərəfindən qəbul olunmalıdır.

Medianews.az