Depressiya yaşayan insanlarda gec yatmaq, uzun müddət yatmalarına baxmayaraq yorğun oyanmaq kimi yuxu pozuntuları xəstəliyin fərqli alt növünün əlaməti ola bilər. Avstraliyada aparılan yeni araşdırma bu vəziyyətin orqanizmin bioloji saatının fəaliyyətindəki pozulmalarla əlaqəli olduğunu göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, British Journal of Psychiatry jurnalında dərc olunan tədqiqatda “sirkadiyal depressiya” adlandırılan mümkün yeni alt növ haqqında məlumat verilib.

National Geographic nəşrinin məlumatına görə, depressiya zamanı müşahidə olunan yuxu rejimi pozuntuları yalnız keyfiyyətsiz gecə yuxusu ilə əlaqəli olmaya bilər. Tədqiqatçılar hesab edirlər ki, orqanizmin daxili bioloji saatının düzgün işləməməsi daha ciddi nəticələrə səbəb ola bilər.

Araşdırmada gec yatmaq və kifayət qədər uzun müddət yatmasına baxmayaraq səhərlər yorğun oyanmaq kimi hallar xüsusi diqqət çəkib. Alimlərin fikrincə, bu xüsusiyyətlər depressiyanın bioloji saatın pozulmasının əsas rol oynadığı ayrıca alt növünə işarə edə bilər.

Qeyd edək ki, “sirkadiyal depressiya” hələlik araşdırılan mümkün alt növ kimi təqdim olunur. Bu yanaşma depressiya ilə yuxu rejimi və orqanizmin bioloji ritmi arasındakı əlaqənin daha dərindən öyrənilməsinə imkan yaradır.