Qərbi Azərbaycan İcmasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycan məsələsi ilə bağlı qrant müsabiqəsinin qalibi olan QHT rəhbərləri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ofisinin açılışındakı nitqi bütün Azərbaycan xalqını qədim torpaqlarımıza qayıdışla bağlı ümidləndirmiş və hər kəsdə o böyük günə inam yaranmışdır: "Bu gün qalib Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biridir. Bu görüş Agentliyin nümayəndə heyətinin Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyi ilə ikinci görüşüdür. Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsinə 134 layihə təqdim edilib və müstəqil ekspertlərin və Müşahidə Şurasının qərarı ilə 24 layihə qalib elan edilib. Qalib layihələrə Agentlik tərəfindən ümumilikdə 485 min 500 manat vəsait ayrılıb. Qalib gəlmiş layihələrə Qərbi Azərbaycan İcması tərəfindən metodiki dəstək göstərilməsi təşəbbüsü layihələrin uğurlu nəticələnməsində əhəmiyyətli olacaq".
Müzakirələrdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi Füzuli Sabiroğlu, Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və başqaları çıxış edərək öz fikir və təkliflərini bildiriblər.
Görüşün sonunda Əziz Ələkbərli və Aygün Əliyeva səsləndirilən təklif və fikirlərə münasibət bildiriblər. Daha sonra QHT nümayəndələri Qərbi Azərbaycan İcmasının binası ilə tanış olublar.
Pərvanə Fərhadqızı












