“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “Uşaq istismarına biganə qalmayaq!” adlı layihənin başlanmasına start verib.

İctimai Birliyinin sədri Gülayə Səfərova mövzu ilə bağlı QHT.az-a bildirib ki, bu gündən başlayan layihənin icra müddəti oktyabr ayının 1-nə kimi davam edəcək: “Layihə insan alveri, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri, həmçinin uşaqların cinsi istismarının ağır cinayət olması barədə əhalinin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə təşkil olunur. Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları, Şəki şəhəri və Neftçala rayonunda sorğu keçirilməsi, rayon İcra Hakimiyyətlərinin, aidiyyatı dövlət qurumlarının, sahibkarların, müəllimlərin və rayonun fəal gənclərinin iştirakı ilə əhali arasında keçirilən sorğunun nəticələri müzakirə olunmaqla konfransın təşkil olunması nəzərdə tutulur”.

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində 440 ədəd buklet hazırlanaraq əhali arasında paylanacaq, həmçinin zərərçəkmiş şəxslərə hüquqi, psixoloji yardım göstəriləcək.

 

Pərvanə Fərhadqızı