Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin qəbul cədvəlinə uyğun olaraq qeyri-hökumət təşkilatları ilə ənənəvi görüşləri davam edir.

QHT.az xəbər verir ki, bu gün Müşahidə Şurasının üzvü Azər Allahverənov ilə "Oriqami" Uşaq və Yeniyetmələr ictimai birliyinin sədri Namiq Nəcəfov arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq, hazırda icra olunan layihənin cari vəziyyəti, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihə fəaliyyətləri və bu istiqamətdə yeni təşəbbüslər, qeyri-hökumət təşkilatları üçün əhəmiyyət kəsb edən məsələlər üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılıbdır.

 

Pərvanə Fərhadqızı