1 - 4 avqust 2023-cü il tarixləri ərzində “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 6 hədəf icmada mina təhlükəsi mövzusunda 6 maarifləndirici təlim keçirilib.

QHT.az xəbər verir ki, cari ilin fevral ayından icra edilən layihə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aşkarlana biləcək minalar və digər partlamamış hərbi sursatlar, onlarla davranış qaydaları, təhlükəsizlik tədbirləri, bununla əlaqədar müraciət olunacaq aidiyyəti dövlət qurumları barədə məcburi köçkün icmalarının üzvlərini məlumatlandırmaqdır.

Təlimləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsinin Regional koordinatorunun rəhbərliyi ilə təlimçilər komandası aparıb. 188 nəfər iştirakçılara minalar və partlamamış hərbi sursatlar, onlardan qorunma yolları, təhlükəli ərazilər, xəbər vermə ünvanları və s. barədə ətraflı məlumatlar verilmiş, maarifləndirici broşürlər paylanılmış, mövzuya aid baş vermis hadisələrin nümunəsində misallar səsləndirilib.

 

Pərvanə Fərhadqızı