ABŞ Prezidenti Donald Trampın dövlət aparatını kiçiltmək məqsədilə yaratdığı Hökumətin Effektivliyi Ofisi (DOGE) səlahiyyət müddətinin bitməsinə səkkiz ay qalmış ləğv edilib.
QHT.az xəbər verir ki, Kadr İdarəetmə Ofisinin direktoru Skott Kupor ofisin “artıq mövcud olmadığını” və funksiyalarının OPM tərəfindən mənimsəndiyini bildirib. DOGE federal agentliklərin sürətlə ixtisarını və büdcələrinin azaldılmasını hədəfləyən böyük islahatların simvolu kimi yaradılmışdı, lakin tənqidçilər onun ciddi qənaət təmin etmədiyini qeyd edirdi. Keçmiş DOGE əməkdaşlarının bir qismi hazırda Trampın sərəncamı ilə yaradılan və hökumət saytlarının modernləşdirilməsi tapşırılan Milli Dizayn Studiyasında çalışır.
Ağ Evin sözçüsü Liz Hyuston Trampın hökumətdə israfçılığı və sui-istifadəni azaltmaq öhdəliyini davam etdirdiyini deyib. Administrasiya DOGE-nin ləğvini uzun müddət açıq elan etməsə də, yaydan etibarən onun fəaliyyətinin başa çatdığını təsdiqləyib.
R.İmanov






