“İdeal nəyinsə ola biləcəyinə inanmıram, hələ demokratiyanın ideal olacağına inanmaq lap çətindir. Demokratiya sadəcə olaraq yaxşı idarəetmə forması kimi qiymətləndirilə bilər. Düzdür onun özünün də boşluqları, problemləri, çətinlikləri var. Amma hələ ki, demokratik idarəetmədən daha yaxşısı, ona alternativ olanı tapılmayıb” – bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, demokratiyanın daha da inkişafı üçün seçki, qanunun aliliyi, medianın, jurnalistlərin azadlığı, söz və fikir plüralizmi, sərbəst toplaşmaq azadlığı, məhkəmələrin müstəqilliyi kimi məsələlərin təmin olunması yüksək səviyyədə olmalıdır: “Büdcənin tərtibi və xərclənməsi, dövləti əhəmiyyətli qərarların qəbulu, dövlətin idarə edilməsində çoxluğun fikirləri nəzərə alınmalıdır. Çoxluq bu idarəetmədə aktiv şəkildə rol almalıdır. Proseslərə nəzarət etmək, sorğulamaq, günahkarların cəzalandırılması üçün imkanlar geniş olmalıdır. Bu məsələlərin təmin olunması normal cəmiyyətin qurulması, demokratik inkişaf üçün vacib amillərdir”.
Pərvanə Fərhadqızı












