QHT.az-ın “Əhalinin əmək və sosial müdafiəsini yaxşılaşdırmaq üçün hansı addımları atmağı planlaşdırırsınız?” sualına Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov cavab verib:
"Əhalinin əmək hüquqlarının qorunması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi siyasətinə dəstək çərçivəsində İctimai Şuraların əsas missiyaları bir tərəfdən ictimaiyyətdə, dünya təcrübəsində olan çağrışların, implusların aidiyyatı dövlət qurumlarına, nazirliklərə çatdırılmasından, digər tərəfdən isə dövlətin gördüyü, görməyi planlaşdırdığı, görə biləcəyi işlərin effektiv şəkildə ictimaiyyətə çatdırılmasından ibarət ola bilər. Biz bu istiqamətdə fəaliyyətimizi qurmalıyıq. Sevindirici haldır ki, İctimai Şuranın bu istiqamətlərdə müsbət təcrübəsi var. Həm müharibə iştirakçılarının təmsil olunduğu İctimai Təşkilatlar, həm əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsilə məşğul olan İctimai Təşkilatlar Şurada geniş təmsil olunublar”.
Şura sədri həmçinin qeyd edib ki, önəmli məqamlardan biri odur ki, Elmi-analitik mərkəzlərdə artıq öz sözünü ciddi şəkildə demiş mütəxəssislər var: “Onlar da İctimai Şuranın potensialını artırmış olur. Şuramız kifayət qədər effektiv şəkildə fəaliyyət göstərir. Şuramızda hansısa biznes maraqlarından, hansısa qurumların öz korporativ maraqlarından çıxış edən insanlar deyil, ictimaiyyətdə olan siqnalları dərk edə bilən, beynəlxalq təcrübədə mövcud olan müsbət, mütərəqqi trendləri dərk edə bilən mütəxəssislər təmsil olunublar ki, bu da İctimai Şuramızın güclü tərəfidir. Son 5 il ərzində ölkədə əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təkmilləşdirilməsi nöqteyi nəzərdən əldə olunmuş, dayanıqlı müsbət trendlər bizim üçün təkandır. Çünki bu trendlərin müsbət rolu var. Dövlər bir çox işləri effektiv şəkildə həyata keçirə bilir. Bu həm sosial müdafiə sistemindəki şəffaflığın təmin edilməsilə, həm menecmentin çevikliyi ilə bağlıdır”.
Qeyd edək ki, İctimai Şuranın nazirliklə effektiv dialoqu, komunikasiyası mövcuddur. Bu da ictimaiyətlə dövlət arasında komunikasiyanın formalaşması nöqteyi nəzərindən mühümdür.
Pərvanə Fərhadqızı












