XX əsrin son və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, hüquqi, iqtisadi və sosial sahələri, elm və təhsili  və bütövlükdə insanların həyat tərzini əhatə edib. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanır.

Bu haqda Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a açıqlama verib. O, qeyd edib ki, insan hüquqları kimi texnologiyanın yaranması da insanın yaranması və tələbatı ilə bağlıdır: “Texnologiya 1967-ci ildə David Schön tərəfindən belə adlandırılıb:  "İnsanın potensialını artıran hər hansısa alət və ya texnika hər hansı bir proses və ya hər hansısa bir fiziki təchizat və ya yaratma mexanizmi". “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 3 aprel 1998-ci il tarixli Qanun dövlət informasiya ehtiyatlarının formalaşmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların iştirak etmək imkanını nəzərdə tutub. Bu subyektlər tərəfindən formalaşdırılan informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə edilməlidir”.

 

Pərvanə Fərhadqızı