Bankların maliyyə-kredit siyasəti effektiv deyil.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının yanlış pul siyasətinə “yaşıl işıq” yandırır.
Əvvəlcə onu qeyd edək ki, hazırda ölkə üzrə kredit portfelinin həcmi 19 milyard 594 milyon 400 min manatdır. Bu fonda əhalinin banklardakı əmanətlərinin həcmi isə 11 milyard 743 milyon manatdır. Yəni bankların verdiyi kredit cəlb etdiyi əmanətlərin həcmindən təxminən 2 dəfə çoxdur.
Banklar cəlb etdiyi əmanətləri valyutanın növündən asılı olaraq 3-11 faiz aralığındadır. Qeyd edək ki, 11 faizlə əmanətlərin cəlb olunmasını yalnız 5 bank təklif edir və onların da şərtlərində “müddətli əmanət” bəndi yer alır. Yəni əmanət müqavilədə göstərilən müddətdən əvvəl geri çəkilərsə, o zaman 11 faiz məsələsi aktuallığını itirmiş hesab olunur.
Bu fonda bankların kredit təklifləri isə illik 24-32 faiz aralığında dəyişir. Bəzi kredit təşkilatlarında isə faiz dərəcəsi hətta 51-in üzərinə çıxır. Bu isə sözün həqiqi mənasında bankların soyğunçuluq siyasəti apardığının göstəricisidir. Bu məsələ müxtəlif zamanlarda müzakirə olunub, amma hələ də müsbətə doğru heç bir dəyişiklik yoxdur.
Azərbaycan Mərkəzi Bankı da bu məsələdə yalnız “məsləhət vermək”lə işini bitmiş hesab olunur. Bankların özəl qurum olduğunu əsas gətirərək, onların maliyyə-kredit siyasətinə müdaxilə edə bilmədiklərini bəyan edirlər. Amma lazım olanda bunu etmək heç də çətin olmur.
Məsələn, devalvasiyadan sonra ölkədə yaranan valyuta qıtlığından istifadə edərək kommersiya bankları dolları (avro və digər valyutalar) öz istəklərinə uyğun qiymətə alqı-satqı etməyə başladılar.
Valyutadəyişmə elektron tablolarında altı-satqı qiymətləri arasında ciddi fərq açıq şəkilə görünürdü. Amma Mərkəzi Bank bunun qarşısını almaq üçün valyutadəyişmə qaydalarında 4 faizli marja tətbiq etdi və nəticədə bütün banklar təxminən eyni qiymətlərlə alqı-satqı etməyə başladılar. Kredit faizlərində də bunu etmək mümkündür.
Təklif olunur ki, kommersiya bankların kredit faizləri əmanət faizlərinə uyğunlaşdırılsın. Yəni bank əmanətləri hansı faiz dərəcəsi ilə qəbul edirsə, onun kredit faizi də 4 faizli marja ilə məhdudlaşdırılsın.
Bank əgər 10 faizlə əmanət cəlb edirsə, krediti maksimum 14 faizlə versin. Bu zaman maliyyə-kredit bazarında da ciddi aktivlik müşahidə olunacaq və ən əsası problemli kreditlərin həcmi ciddi şəkildə azalacaq.
Nəzərə alsaq ki, artıq 1 fevraldan əmanət faizlərinə vergi tətbiq olunur, bu, bankların maliyyə imkanlarını bu və ya digər formada təsir edəcək. Banklar müştərilərini itirmək üçün əmanət faizinin artıracaq, eyni qayda bu, kredit faizlərinin də artmasına səbəb olacaq. Bu isə o deməkdir ki, banklar yenə də maliyyə yükünü əhalinin üzərinə qoyacaq.
Bütün bu məsələlərin tənzimlənməsi isə birbaşa Azərbaycan Mərkəzi Bankının kommersiya bankları və əhali arasındakı seçimindən asılı olacaq. Mərkəzi Bank bu günə qədər olduğu kimi, yenə də bankların mövqeyini üstün tutarsa, o zaman bütün artımların xəricini əhali çəkəcək.
Əgər əhalinin maraqlarından çıxış edərsə, o zaman insanların xərci azalacaq, banklar isə daha çox gəlir edəcək. Çünki ucuz kredit daha çox müştəri deməkdir.
Ucuz kreditlərə çıxış imkanı üçün daha bir və daha effektiv yol da var. Bu yol isə xarici bankların bazara buraxılmasından keçir. Çünki o zaman rəqabətli mühit formalaşacaq və müştəri cəlb etmək üçün banklar daha effektiv, eyni zamanda keyfiyyətli xidmət təklif etmək məcburiyyətində qalacaq.
Amma Azərbaycanda bu məsələ uzun illərdir müzakirə olunsa da, heç bir nəticə əldə olunmayıb. Mərkəzi Bank bu və ya digər səbəbdən xarici bankları bazara buraxmır və ya buraxa bilmir.
Vilayət Muxtar
Cebhe.info












