“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri sosial bəla kimi” layihəsinin ilk tədbiri keçirilib.
QHT.az xəbər verir ki, Birliyin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur:
“Layihənin icrası Quba rayonunda keçirilir. Layihənin məqsədi regionlarda insan alveri fəsadlarının olması ilə yanaşı, erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və riskləri barədə yeniyetmələrin maarifləndirilməsidir. Məhz bu regionun seçilməsində əsas səbəb qohum nikahlarla bağlı mövcud olan problemlərin və insan alverinin, yetkinlik yaşına çatmayanların erkən evliliyinin qarşısının alınmasına dəstək olmaqdır. Yeniyetmələrin, xüsusən də qızların təhsil almaq hüquqları barədə məlumatlandırılması, onlar arasında ailə hüquqlarının və nikah müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə dair təbliğat işinin gücləndirilməsidir.
Bu layihənin icrası zamanı yeniyetmələr insan alveri və bunun qanunla qadağan edilməsi haqda məlumatlandırılırlar. Eyni zamanda, insan alveri, erkən, rəsmi qeydə alınmayan, qan qohumları arasında bağlanan nikahların cəmiyyətin əsas problemlərindən biri olduğu diqqətlərinə çatdırılır.
Cəmiyyətimizin sağlam inkişafı üçün yeniyetmələrə insan alveri və sözügedən problemlərin aradan qaldırılması məqsədi ilə təhsilin və hüquqi maarifləndirmənin artırılması tövsiyə olunur.
İnanıram ki, belə maariflənmə tədbirləri ailə institutunun gücləndirilməsinə, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının, xüsusilə də regionlarda insan alverinin qarşısını ala bilər”.












