“Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” (“Re-discovering the first Art of humankind”) adlı Beynəlxalq Qayaüstü Sənət tədbiri 25–26 sentyabr 2026-cı il tarixlərində Palazzo Mandrillidə keçirilmişdir. Tədbir Azərbaycan və İtaliyadan dövlət rəsmilərini, Avropanın aparıcı ekspert və professorlarını, həmçinin incəsənət, tarix, qayaüstü təsvirlər, antropologiya və digər əlaqəli sahələr üzrə tədqiqatçıları bir araya gətirmişdir.


QHT.az xəbər verir ki, Sən1Sən Beyin Mərkəzi və Palazzo Mandrilli Qalereyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Avropanın tanınmış alimləri, beynəlxalq ekspertlər, muzey direktorları və bu sahə üzrə mütəxəssislər iştirak etmişlər. Seminarın mühüm məqsədlərindən biri də UNESCO-nun Mədəni İrs Siyahısına namizəd olan Gəmiqaya abidəsinin beynəlxalq səviyyədə təbliği, eləcə də bu qayaüstü təsvirlər kompleksinə beynəlxalq elmi və ictimai diqqətin artırılması olmuşdur.
Tədbir üç əsas hissədən ibarət olmuşdur.


Birinci hissədə aparıcı Avropa muzeylərinin direktorları, alimlər və mütəxəssislər XVII əsrə aid Palazzo Mandrilli Qalereyasında toplaşaraq qayaüstü sənət sahəsində son elmi nailiyyətlər və aktual tədqiqatlar barədə məruzələrlə çıxış etmişlər. Azərbaycan tərəfi qayaüstü təsvirlər üzrə mütəxəssis, tarix elmləri doktoru, professor və layihə koordinatoru Məlahət Fərəcova tərəfindən təmsil olunmuşdur.
İkinci mərhələdə professor Məlahət Fərəcovanın Azərbaycanın qayaüstü sənətinə həsr olunmuş “Minilliklərdən gələn mesajlar: Qobustan petroqlifləri” (“Messages Through the Millennia: Gobustan Petroglyphs”) adlı unikal virtual sərgisi təqdim edilmişdir.


Tədbirin yekun mərhələsində isə müxtəlif qurumları təmsil edən aparıcı Avropa alimləri və mütəxəssisləri qayaüstü sənət sahəsində gələcək əməkdaşlıq və inkişaf istiqamətlərini müəyyənləşdirən beynəlxalq əməkdaşlıq Memorandumunu imzalamışlar.


Bu təşəbbüs çərçivəsində Azərbaycan qayaüstü irsin qlobal səviyyədə öyrənilməsi və qorunmasına, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən aparıcı mədəni platformalardan birinə çevriləcəkdir.


Tədbirin keçirilməsinə texniki dəstəyi Kassine şəhərinin meriyası, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu göstərmişdir.