BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirlərdə humanitar təşkilatlar, fondlar və şirkətlər qlobal xarici yardımların azalması fonunda yaranan problemləri müzakirə ediblər. Yardımların azalması xəstəlik, aclıq və yoxsulluqla mübarizəyə təsir göstərir.
QHT.az xarici mediaya istinadən bildirir ki, zəngin ölkələrdən inkişaf etməkdə olan dövlətlərə yönələn maliyyənin azalması humanitar sektor üçün ciddi çətinliklər yaradıb. Böyük təşkilatlar mövcud maliyyə və əlaqələr hesabına fəaliyyətlərini davam etdirməyə çalışarkən, kiçik qurumlar yeni şəraitə uyğunlaşmağa çalışırlar.
Bu fonda bəzi böyük donorlar yeni öhdəliklər götürüb. Gates Foundation süni intellekt əsaslı alətlərin hazırlanmasına 1 milyard dollar ayıracağını açıqlayıb.
ABŞ-nin keçmiş USAID rəhbəri Samantha Power isə USAID-in ləğvindən sonra uşaqlarda qurğuşun zəhərlənməsinə qarşı fəaliyyət göstərən koalisiyanın işini yeni şəraitə uyğunlaşdırdığını bildirib. Bill Klinton da hökumətlərin geri çəkilməsi nəticəsində yaranan boşluğun digər qurumlar tərəfindən doldurulmasının vacibliyini vurğulayıb.












