Kardioloq və daxili xəstəliklər üzrə mütəxəssislər qəhvə istehlakında yalnız miqdarın deyil, onun hansı saatda və necə hazırlandığının da əhəmiyyətli olduğunu bildiriblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, gündəlik həyatda geniş istifadə olunan qəhvənin tərkibindəki kofeinin həddindən artıq qəbulu ürəkdöyünmə, yuxu pozuntusu və arterial təzyiqin yüksəlməsi kimi problemlərə səbəb ola bilər.
Mütəxəssislər kofein qəbulunun 15:00–16:00 radələrində dayandırılmasını tövsiyə edirlər. Günün gec saatlarında qəhvə içilməsi kofeinin stimullaşdırıcı təsiri səbəbindən yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Qəhvənin hazırlanma üsulunun da sağlamlıq baxımından əhəmiyyətli olduğu qeyd edilir. Xüsusilə şəkər, qaymaq və şirinləşdiricilər əlavə edilmiş qəhvələrin həddindən artıq istehlakı tövsiyə olunmur. Bu əlavələrin çox miqdarda qəbulu qan şəkəri və xolesterin səviyyəsinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər xüsusilə ürək-damar xəstəlikləri, ritm pozuntuları, hipertoniya və dəmir çatışmazlığı olan şəxslərin kofein qəbuluna daha diqqətli yanaşmalı olduğunu bildirirlər.
Bundan əlavə, uşaqların kofeinli içkilərə alışdırılmaması tövsiyə edilir.
Mütəxəssislər qəhvə istehlakında əsas diqqətin miqdara, qəbul saatına və içkinin tərkibinə yönəldilməsinin vacibliyini vurğulayırlar.












