"1 Oktyabr – Beynəlxalq Ahıllar Günü yaşlı nəslə yalnız təbrik ünvanlamaq üçün deyil, onların cəmiyyətdəki yerini yenidən düşünmək üçün də mühüm bir fürsətdir".
Bu sözləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib.
Nailə İsmayılova bildirib ki, ahılların təcrübəsi gələcək nəsillər üçün mühüm mənəvi və sosial resursdur:
Ahıllıq həyatın kənarında qalmaq deyil. Əksinə, illər ərzində toplanmış həyat təcrübəsinin, peşə bacarıqlarının, ailə və cəmiyyət dəyərlərinin yeni nəslə ötürülməsi üçün böyük bir potensialdır.
N.İsmayılovanın sözlərinə görə, yaşlı nəslin keçdiyi həyat yolu onların cəmiyyət üçün əhəmiyyətini artırır:
Yaşlı insanların ən böyük sərvəti onların yalnız yaşları deyil, həyat təcrübələridir. Onlar müxtəlif dövrləri görüb, çətinliklərdən keçib, ailə qurub, övlad böyüdüb, əmək fəaliyyəti göstərib və cəmiyyətin inkişafında öz paylarını veriblər.
Sədr vurğulayıb ki, nəsillərin imkanlarının birləşdirilməsi qarşılıqlı öyrənmə üçün şərait yaradır:
Bu təcrübənin gənc nəslə ötürülməsi həm ailə, həm də cəmiyyət üçün mühüm sosial kapitaldır. Gənclərin texnologiya və sürətli informasiya imkanları ilə, yaşlı nəslin həyat təcrübəsinin bir araya gəlməsi cəmiyyət üçün daha sağlam nəsillərarası münasibətlər yarada bilər.
Nailə İsmayılova qeyd edib ki, ailə daxilində nəsillərarası əlaqələrin qorunması mənəvi dəyərlərin davamlılığına xidmət edir:
Bu baxımdan ailədə nənə və babaların rolu xüsusilə əhəmiyyətlidir. Onlar uşaqlara yalnız keçmişdən danışan insanlar kimi deyil, ailə tarixini, milli-mənəvi dəyərləri, adət-ənənələri və həyatın müxtəlif sınaqlarından çıxarılan dərsləri çatdıran canlı yaddaş kimi qəbul edilməlidir.
N.İsmayılovanın sözlərinə görə, yaşlı insanların mənəvi ehtiyaclarına da gündəlik həyatda kifayət qədər diqqət ayrılmalıdır:
Təəssüf ki, müasir həyatın sürəti bəzən nəsillər arasındakı ünsiyyəti zəiflədir. Eyni evdə yaşayan insanlar belə bir-birinə vaxt ayırmaya bilirlər. Halbuki yaşlı insan üçün bəzən ən böyük ehtiyac maddi dəstəkdən əvvəl diqqət, söhbət və özünü cəmiyyət üçün faydalı hiss etməkdir.
Sədr bildirib ki, ahılların rifahı üçün kompleks sosial təminat yanaşmasına ehtiyac var:
Yaşlı insanların sosial müdafiəsi məsələsinə də yalnız pensiya və maddi təminat prizmasından yanaşmaq kifayət deyil. Sosial müdafiə həm də sağlamlıq xidmətlərinə əlçatanlıq, sosial xidmətlər, təhlükəsiz və uyğun yaşayış mühiti, hüquqların qorunması, sosial təcriddən müdafiə və cəmiyyət həyatında iştirak imkanlarının yaradılması deməkdir.
Nailə İsmayılova vurğulayıb ki, sosial əlaqələrin zəifləməsi yaşlı insanlar üçün əlavə sosial problemlər yarada bilər:
Xüsusilə tək yaşayan ahıllara diqqət artırılmalıdır. İnsan yaşlandıqca həyat yoldaşını, dostlarını və ya yaxınlarını itirə, sosial çevrəsi darala bilər. Nəticədə tənhalıq və sosial izolyasiya ciddi problemə çevrilir.
N.İsmayılovanın sözlərinə görə, xidmətlərin şaxələndirilməsi ahılların gündəlik həyatına dəstəyin artırılmasına imkan verə bilər:
Buna görə də yaşlı insanlar üçün gündüz qayğı mərkəzlərinin, sosial xidmətlərin, evdə sosial xidmətlərin, psixoloji və hüquqi dəstəyin genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Azərbaycanda artıq bu istiqamətdə müxtəlif sosial xidmət mexanizmləri fəaliyyət göstərir və onların əhatəsinin daha da genişləndirilməsi yaşlı insanların həyat keyfiyyətinə müsbət təsir göstərir.
Sədr qeyd edib ki, yaşdan asılı olmayaraq hər bir insanın fundamental hüquqları təmin edilməlidir:
Digər mühüm məsələ yaşlı insanların hüquqlarının qorunmasıdır. Yaşlı insan yaşına görə qərarvermə imkanları məhdudlaşdırılan, ailədə və cəmiyyətdə söz haqqı azalan şəxs kimi qəbul edilməməlidir. Onların əmlak, sosial təminat, tibbi xidmət, informasiya və şəxsi təhlükəsizlik hüquqları qorunmalıdır.
Nailə İsmayılova bildirib ki, hüquqların pozulmasının qarşısının alınmasında həm qanunvericilik, həm də ictimai maarifləndirmə mühüm rol oynayır:
Yaşlılara qarşı laqeydlik, iqtisadi və psixoloji təzyiq, onların iradəsinə zidd qərarlar qəbul edilməsi kimi halların qarşısının alınması üçün həm hüquqi mexanizmlər, həm də maarifləndirmə işi gücləndirilməlidir.
N.İsmayılovanın sözlərinə görə, ahılların ictimai həyatda fəal iştirakına imkan verilməsi onların potensialından daha geniş istifadəni təmin edə bilər:
Mən hesab edirəm ki, yaşlı insanların cəmiyyətə inteqrasiyası üçün onların yalnız qayğıya ehtiyacı olan insanlar kimi təqdim edilməsindən imtina etməliyik. Ahıl insanın da öyrətmək, işləmək, könüllü fəaliyyət göstərmək, ictimai layihələrdə iştirak etmək, gənclərlə təcrübə mübadiləsi aparmaq imkanları olmalıdır.
Sədr vurğulayıb ki, peşəkar təcrübənin nəsillər arasında paylaşılması qarşılıqlı fayda yaradır:
Məsələn, müxtəlif peşələr üzrə uzun illər çalışmış insanların gənclərlə görüşlərinin təşkili həm onların sosial fəallığını artırar, həm də gənclərin real həyat təcrübəsindən faydalanmasına imkan verər.
Nailə İsmayılova qeyd edib ki, rəqəmsal imkanlardan yararlanmaq ahılların müasir sosial həyata uyğunlaşmasına kömək edir:
Bu gün texnologiyadan istifadə də yaşlı insanların sosial həyata inteqrasiyasının vacib hissəsinə çevrilib. Elektron xidmətlər, onlayn ödənişlər, rəqəmsal səhiyyə və digər xidmətlər genişləndikcə yaşlı insanların rəqəmsal savadlılığının artırılması da diqqətdə saxlanmalıdır. Onlar yeni texnologiyalardan kənarda qalmamalı, əksinə, bu imkanlardan təhlükəsiz şəkildə istifadə etməyi öyrənməlidirlər.
N.İsmayılovanın sözlərinə görə, ahıllığa münasibət insanın yaşından deyil, onun şəxsiyyətinə və həyat təcrübəsinə verilən dəyərdən müəyyənləşməlidir:
Ən vacib məsələ isə cəmiyyətin ahıllığa münasibətidir. Yaşlanmaq insanın dəyərinin azalması demək deyil. İnsan neçə yaşında olmasından asılı olmayaraq hörmətə, diqqətə, təhlükəsizliyə və cəmiyyətə faydalı olmaq imkanına sahibdir.
Sədr bildirib ki, yaşlı nəslə münasibət gələcək nəsillər üçün qurulan sosial mühitin də göstəricisidir:
Beynəlxalq Ahıllar Günü bizə bir həqiqəti xatırladır: bu gün yaşlı nəslə göstərdiyimiz münasibət əslində sabah özümüzün necə bir cəmiyyətdə yaşamaq istədiyimizi müəyyənləşdirir. Çünki hər bir gənc və orta yaşlı insan gələcəyin ahılıdır.
Nailə İsmayılova vurğulayıb ki, ahıllara göstərilən münasibət cəmiyyətin həmrəylik səviyyəsini də əks etdirir:
Ona görə də yaşlılara qayğı yalnız bir sosial öhdəlik deyil, həm də nəsillər arasında qarşılıqlı hörmət və həmrəylik mədəniyyətinin göstəricisidir.
Fatimə Nəbiyeva












