"Prokurorluq hüquq sisteminin mühüm institutlarından biridir. Bu qurumun fəaliyyəti yalnız cinayətkarlıqla mübarizə və dövlət ittihamının müdafiəsi ilə məhdudlaşmır. Prokurorluq qanunçuluğun təmin olunmasında, insan hüquq və azadlıqlarının qorunmasında, cinayət təqibinin qanuni və obyektiv həyata keçirilməsində mühüm rol oynayır".

Bu fikirləri vəkil Arslan Mikayılov QHT.az-a açıqlamasında bildirib.

Vəkil Arslan Mikayılov prokurorluğun fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb: Hesab edirəm ki, prokurorluğun fəaliyyətinin səmərəliliyi yalnız açılmış cinayətlərin və ya məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı ilə ölçülməməlidir. Əsas meyar qəbul edilən qərarların qanuniliyi, istintaqın obyektivliyi, vətəndaşların hüquqlarına hörmət və ədalət mühakiməsinə göstərilən xidmətdir.

A.Mikayılov prokurorun fəaliyyətində əsas yanaşmaya diqqət çəkib: Prokurorun əsas vəzifəsi nəyin bahasına olursa-olsun ittiham hökmünə nail olmaq deyil, qanunun aliliyinə və ədalətin təmin olunmasına xidmət etməkdir. Prokuror yalnız ittihamı təsdiqləyən deyil, həm də şəxsin təqsirsizliyinə və ya məsuliyyətini yüngülləşdirən halların obyektiv araşdırılmasında maraqlı olmalıdır.

Arslan Mikayılov prokurorluq orqanlarının qarşılaşdığı əsas məsələlərdən danışıb: Müasir dövrdə prokurorluq orqanları qarşısında bir sıra ciddi çağırışlar dayanır. Bunların sırasında kibercinayətkarlıqla mübarizə, mürəkkəb iqtisadi və korrupsiya cinayətlərinin araşdırılması, rəqəmsal sübutların düzgün qiymətləndirilməsi, istintaq zamanı insan hüquqlarının qorunması və hüquq-mühafizə orqanlarına ictimai etimadın gücləndirilməsi xüsusi yer tutur.

Vəkil prokurorluq əməkdaşlarından gözləntiləri də diqqətə çatdırıb: Eyni zamanda, prokurorluq əməkdaşlarından yüksək hüquqi biliklərlə yanaşı, prinsipiallıq, vicdanlılıq, müstəqil hüquqi düşüncə, obyektivlik, peşəkar etika və məsuliyyət tələb olunur. Prokuror öz fəaliyyətində hər hansı şəxsi və ya kənar təsirləri deyil, yalnız qanunu və iş üzrə müəyyən edilmiş faktları rəhbər tutmalıdır.

A.Mikayılov prokuror və vəkil arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib: Vəkil olaraq xüsusi vurğulamaq istərdim ki, prokurorla vəkilin prosessual mövqeləri fərqli olsa da, hər ikisinin fəaliyyəti ədalətli məhkəmə araşdırmasının təmin olunmasına xidmət etməlidir. İttiham və müdafiə tərəfləri arasında qarşılıqlı peşəkar hörmət, prosessual hüquqlara riayət və çəkişmə prinsipinin qorunması hüquqi dövlətin mühüm göstəricilərindəndir.

Vəkil prokurorluğun gücünün nədən qaynaqlandığını bildirib: Güclü prokurorluq yalnız geniş səlahiyyətlərə malik olan deyil, həmin səlahiyyətləri qanun çərçivəsində, obyektiv və məsuliyyətlə həyata keçirən prokurorluqdur.

Arslan Mikayılov prokurorluq əməkdaşlarına təbrik və arzularını çatdırıb: Bu əlamətdar gün münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları təbrik edir, onlara qanunun aliliyinin təmin olunması və ədalət mühakiməsinə xidmət kimi məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram.

Fatimə Nəbiyeva