"Biz müharibə vaxtı bütün sursatlarımızı öz pulumuza almışıq. Hətta bəzi vaxtlarda həmin sursatları ikiqat qiymətinə almağa məcbur olmuşuq".

QHT.az xəbər verir ki, bu sözləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib.

Tünzalə Abduləlimovanın sözlərinə görə, Azərbaycanın müharibə dövründə nümayiş etdirdiyi mövqe dövlətin müstəqil qərarvermə imkanlarını ortaya qoyub: Bu, bizim dövlətimizin öz gücünə, öz imkanlarına arxalandığının göstəricisidir. Vətən müharibəsində Azərbaycan heç kimdən yardım gözləmədən öz ordusunun bütün ehtiyaclarını təmin etdi.

Tünzalə Abduləlimova bildirib ki, Prezident İlham Əliyevin çıxışı bu məsələyə dair mövqeyi aydın şəkildə əks etdirib: Bu sözlər Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlərin mahiyyətini ifadə edir.

Sədr vurğulayıb ki, qazanılan Zəfərin arxasında bir sıra mühüm amillər dayanır: Bir şəhid anası olaraq deyirəm: bizim Zəfərimizin arxasında dövlətimizin gücü, Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin müqəddəs qanı dayanır.