"1 Oktyabr – Beynəlxalq Ahıllar Günü bizə bir daha xatırladır ki, yaşlı insanlar cəmiyyətin yalnız qayğıya ehtiyacı olan təbəqəsi deyil, həm də böyük həyat təcrübəsinin, mənəvi dəyərlərin və zəngin yaddaşın daşıyıcılarıdır".

Bu sözləri QHT rəhbəri, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib.

F.Hacıbəylinin sözlərinə görə, yaşlı nəslin cəmiyyətdə rolu və nəsillərarası əlaqələrin əhəmiyyəti böyükdür:

"Mən hesab edirəm ki, yaşlı nəslin cəmiyyətdə rolu olduqca böyükdür. Onların illər ərzində qazandıqları təcrübə, həyata baxışları, ailə və cəmiyyət münasibətləri ilə bağlı düşüncələri gənc nəsil üçün mühüm məktəbdir. Nəsillərarası əlaqələrin güclü olması həm ailə dəyərlərinin qorunmasına, həm də cəmiyyətin mənəvi bütövlüyünə xidmət edir. Yaşlı insanın özünü ailəsində və cəmiyyətdə ehtiyac duyulan, dəyərli bir şəxs kimi hiss etməsi ən azı maddi təminat qədər vacibdir".

Fatimə Hacıbəyli bildirib ki, yaşlı insanların sosial müdafiəsi yalnız maddi yardımla məhdudlaşmamalıdır:

"Yaşlı insanların sosial müdafiəsi və hüquqlarının qorunması istiqamətində yalnız maddi dəstəklə kifayətlənməməliyik. Onların səhiyyə xidmətlərinə, sosial və psixoloji dəstəyə çıxışı, asudə vaxtlarının səmərəli təşkili, sosial həyata və müxtəlif ictimai fəaliyyətlərə cəlb olunması diqqətdə saxlanılmalıdır. Xüsusilə tək yaşayan və ailə dəstəyindən kənarda qalan ahıl insanların sosial təcridinin qarşısının alınması mühüm məsələlərdəndir".

O vurğulayıb ki, cəmiyyət yaşlı insanlara yalnız qayğıya ehtiyacı olan şəxslər kimi yanaşmamalıdır:

"Eyni zamanda, yaşlı insanlara münasibətdə cəmiyyət olaraq yanaşmamızı da dəyişməliyik. Onları yalnız köməyə ehtiyacı olan insanlar kimi deyil, bilik və təcrübələri ilə cəmiyyətə töhfə verə bilən fəal şəxslər kimi görməliyik. Nəsillərarası görüşlərin, maarifləndirici tədbirlərin və sosial layihələrin təşkili bu baxımdan faydalı ola bilər".

F.Hacıbəyli qeyd edib ki, yaşlı nəslə göstərilən hörmət və qayğı cəmiyyətin gələcəyə münasibətini də əks etdirir:

"Unutmamalıyıq ki, bu gün yaşlı nəslə göstərdiyimiz hörmət və qayğı əslində öz gələcəyimizə münasibətimizi ifadə edir. Çünki hər birimiz həyatın müəyyən mərhələsində yaşlanacağıq. Ahıl insanların cəmiyyətdə layiqli həyat sürməsi yalnız dövlətin deyil, ailənin, ictimai təşkilatların və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir".

Fatimə Nəbiyeva