1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı QHT.az-a açıqlama verən Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, Azərbaycanda ahılların sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm layihələr həyata keçirilir.

Onun sözlərinə görə, son dövrdə ahılların qocalar və ahıllar evlərinə yerləşdirilməsi hallarının azalmasında dövlət tərəfindən həyata keçirilən sosial layihələrin və xidmətlərin mühüm rolu var:

“Ahılların həyatının sosiallaşması, vaxtlarının maraqlı və səmərəli keçirilməsi, onlara göstərilən diqqət və qayğının artırılması istiqamətində dövlət tərəfindən çox mühüm proqramlar həyata keçirilir. Bu layihələr ahılların həyatına rəng qatır, onların sosial aktivliyini artırır və həyat eşqlərinin sönməsinə imkan vermir”.

Z.Nuriyeva qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Ahıllar Evində sakinlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir.

“Ahıllar Evinin sakinləri ilə Sosial Xidmətlər Agentliyinin və nazirliyin əməkdaşları arasında futbol yarışları təşkil olunub. Bundan əvvəl isə ahılların iştirakı ilə “Arşın mal alan” tamaşası hazırlanıb. Həmçinin “DOST İnklüziv Mərkəzi”nin benefisiarları ilə birgə müxtəlif tədbirlər və tamaşalar təşkil edilib. Belə layihələr ahılların üzündə təbəssüm yaradır və onların həyata bağlılığını gücləndirir”, – deyə QHT sədri vurğulayıb.

O bildirib ki, ahıllara yalnız sosial və mədəni tədbirlər çərçivəsində deyil, həm də tibbi və sosial xidmətlər vasitəsilə mütəmadi dəstək göstərilir. Ahılların müxtəlif turlara, muzeylərə və digər tədbirlərə cəlb olunması onların sosial həyatının aktiv saxlanılmasına xidmət edir.

Z.Nuriyevanın sözlərinə görə, hazırda Bakı da daxil olmaqla altı ərazidə ahıllara gündüz xidmətlərinin göstərildiyi layihələr həyata keçirilir:

“Bu layihələr çərçivəsində hər gün 30 ahıla xidmət göstərilir. Burada onların doğum günləri qeyd olunur, ünsiyyətləri üçün şərait yaradılır, stolüstü oyunlar təşkil edilir, qidalanmaları təmin olunur, müxtəlif turlar və mədəni tədbirlər keçirilir. Əsas məqsədlərdən biri ahılların vaxtını daha rəngarəng və səmərəli keçirməsini təmin etməklə yanaşı, onların ailə üzvləri ilə münasibətlərinin də sağlamlaşdırılmasına dəstək olmaqdır”.

QHT sədri qeyd edib ki, layihələrin mühüm nəticələrindən biri ahılların ailələri ilə münasibətlərinin qorunmasıdır:

“Bəzən ahılları səhər övladları və nəvələri mərkəzə gətirir, axşam isə özləri aparırlar. Bu, çox gözəl nəticədir. Çünki ahıl həm gün ərzində sosiallaşır, həm də ailəsindən və doğmalarından ayrılmır”.

Z.Nuriyeva vurğulayıb ki, ahılların sosiallaşması ilə yanaşı, nəsillərarası dialoqun qurulması da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən ahıllar mərkəzlərinin gənclər mərkəzləri ilə əməkdaşlığı bu baxımdan müsbət nəticələr verir:

“Gənclərin ahıllarla birgə yarışlarda, müxtəlif tədbirlərdə və sosial layihələrdə iştirakı nəsillər arasında dialoqun yaranmasına şərait yaradır. Bu, həm də milli və mənəvi dəyərlərin gənc nəslə ötürülməsi baxımından əhəmiyyətlidir. Hər bir gənc gələcəkdə ahıl olacaq və bu gün yaşlı insanlara göstərilən diqqət və qayğı cəmiyyətimizdə nəsillərarası münasibətlərin daha sağlam qurulmasına xidmət edir”.

QHT sədri əlavə edib ki, ahıllara göstərilən sosial xidmətlər yalnız mərkəzlərdə həyata keçirilən tədbirlərlə məhdudlaşmır. Tənha yaşayan və evdən çıxa bilməyən ahıllara səyyar sosial xidmətlər də göstərilir.

“Bu da tək yaşayan ahıllara dövlətin diqqət və qayğısının daha bir göstəricisidir. Onların evdə ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunması olduqca vacibdir”, – deyə Z.Nuriyeva bildirib.

O, sonda bütün ahılları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib:

“Bütün ahıllarımıza uzun ömür, möhkəm can sağlığı arzulayıram. Milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan ahılların üzündən təbəssüm, qəlbindən həyat eşqi əskik olmasın. Dövlətin yaratdığı imkanlardan onların maksimum faydalanmasını arzulayıram. Eyni zamanda, dövlətə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ahıllara göstərilən diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.

 

Zəhra Ağayeva