Sumqayıt Gənclər Evində “QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası” mövzusunda təlim keçirilib.
QHT.az xəbər verir ki, təlim “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirin açılışında birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, QHT-lərin gördüyü işi ictimaiyyətə düzgün çatdırması da onların fəaliyyətinin vacib hissəsidir. Onun sözlərinə görə, sosial mediada paylaşılan bir məlumat dəstəyə ehtiyacı olan insana çatmağa, yeni könüllülər cəlb etməyə və cəmiyyət üçün əhəmiyyətli problemə diqqət yönəltməyə kömək edə bilər.
Cəsarət Hüseynzadə qeyd edib ki, bunun üçün QHT-lər kimə müraciət etdiklərini, hansı mesajı çatdırmaq istədiklərini və paylaşımın nəticəsi olaraq nə gözlədiklərini əvvəlcədən müəyyənləşdirməlidirlər. O, iştirakçıları təlim zamanı suallar verməyə, təcrübələrini bölüşməyə və əldə etdikləri bilikləri təşkilatlarının fəaliyyətində tətbiq etməyə çağırıb.
Təlimçi Şahlar Abbasov QHT-lərin məqsədlərinə uyğun sosial media platformalarının seçilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi, məzmun strategiyası və təsirli hekayələrin qurulması barədə məlumat verib. Qısa videoların hazırlanması, az resursla keyfiyyətli məzmun istehsalı və vahid vizual üslubun yaradılması da praktiki nümunələr əsasında müzakirə olunub.
Təlimdə, həmçinin, faktların yoxlanılması, mənbələrin göstərilməsi və həssas qruplarla etik kommunikasiya məsələlərinə toxunulub. İştirakçılar praktiki tapşırıqları yerinə yetirib və sosial media fəaliyyəti ilə bağlı suallarını səsləndiriblər. Təlim müzakirə və yekun tövsiyələrlə başa çatıb.












