Bu gün Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrindən biri, gender bərabərliyi və qadın hüquqları sahəsində uzun illər fəaliyyət göstərən Şəhla İsmayılın 50 illik yubileyidir.
QHT.AZ xəbər verir ki, Şəhla İsmayıl 1976-cı ildə Bakı şəhərində anadan olub. İxtisasca filoloqdur, ingilis dili filologiyası üzrə magistr təhsili alıb.
O, 1998-ci ildən qadınların cəmiyyətdə rolunun artırılması, gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. 2002-ci ildən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri kimi vətəndaş cəmiyyətinin inkişafına töhfə verir.
Şəhla İsmayıl müxtəlif illərdə Böyük Britaniya, ABŞ, Belçika və Fransada beynəlxalq proqramlarda iştirak edib. 2005-ci ildə Böyük Britaniyanın “İnsan Hüquqları, Demokratiya və Yaxşı İdarəçilik” mövzusunda Con Smit təqaüd proqramının Azərbaycandan olan ilk məzunlarından biri, 2011-ci ildə isə ABŞ-də yerləşən Avrasiya Fondunun “Avrasiyanın Gənc Liderləri” proqramının Azərbaycan üzrə ilk mükafatçısı olub.
Uzunmüddətli fəaliyyəti ərzində o, qadın hüquqları, insan hüquqları, gender bərabərliyi, təşkilati idarəetmə, institusional inkişaf və kommunikasiya sahələrində çoxsaylı milli və beynəlxalq təşəbbüslərin həyata keçirilməsində iştirak edib. Dünyanın 50-dən artıq şəhərində məruzəçi kimi çıxış edib.
Şəhla İsmayıl Azərbaycanda Analıq Məktəbi, Gender Ekspert Qrupu, Qadın Resurs Mərkəzi, Qadın Parlamenti, bələdiyyələr nəzdində Qadın Palataları və Gender Məktəbi kimi təşəbbüslərin müəlliflərindəndir. O, həmçinin BMT Təhlükəsizlik Şurasının qadın, sülh və təhlükəsizlik gündəliyi üzrə 1325 saylı qətnaməsi ilə bağlı Azərbaycanın ilk Milli Fəaliyyət Planının hazırlanmasında müəllif kimi iştirak edib.
Şəhla İsmayıl 100-dən çox milli və beynəlxalq layihənin, çoxsaylı nəşr, hesabat və siyasi sənədin hazırlanmasında iştirak edib, 8 kitabın müəllifidir. Müxtəlif dövrlərdə beynəlxalq təşkilat və fondlarla əməkdaşlıq edib, gender ekspertizası, təşkilati inkişaf və insan resursları istiqamətində fəaliyyət göstərib.
Onun fəaliyyəti bir sıra nüfuzlu mükafatlarla qiymətləndirilib. Şəhla İsmayıl 2018-ci ildə gender bərabərliyinə töhfələrinə görə Böyük Britaniyada Bob Hepple adına Bərabərlik Mükafatına layiq görülüb.
O, həmçinin Azərbaycanın ictimai həyatındakı səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2022-ci ildə isə gender bərabərliyinin inkişafına və sülhyaratmaya verdiyi töhfələrə görə Fransanın ən yüksək dövlət təltiflərindən olan Şərəf Legionunun Kavaleri ordeninə layiq görülüb.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) ən nüfuzlu mükafatlarından biri – 2025-ci il Vətəndaş Cəmiyyəti Mükafatı bu il Azərbaycan nümayəndəsi Şəhla İsmayıla təqdim olunub. O, qadınların müdafiəsi, gender bərabərliyinin təşviqi və ölkədə vətəndaş cəmiyyətinin inkişafına verdiyi uzunmüddətli töhfəyə görə laureat seçilib.
QHT.az olaarq uzun illərdir Azərbaycan vətəndaş cəmiyyətində fəal mövqeyi ilə seçilən Şəhla İsmayılı 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.












