"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir.

QHT.az xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə həyata keçirilir.

2026-cı il sentyabrın 29-da layihə çərçivəsində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri Füzuli şəhərində keçirilib.

Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərə yaxın kəndlərdən yaşayan və fəaliyyət göstərən şəxslərin mina təhlükəsi barədə məlumatlılığının artırılması, onların təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi və mina hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.

Tədbirdə yerli və ətraf kənd sakinləri, bələdiyyə, icra nümayəndəliyinin əməkdaşları eləcə də rayon icra hakimiyyətinin nümayəndəsi iştirak ediblər. Görüş zamanı iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, onların insan həyatı və sağlamlığı üçün doğura biləcəyi risklər, mina partlayışları nəticəsində baş verə biləcək xəsarətlər, bu xəsarətlərin ağırlıq dərəcəsi və həyat üçün yaratdığı təhlükələr barədə məlumat verilib.

"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi Ağdam, Xocavənd və Füzuli rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin tədbirin keçirilməsi üçün göstərdiyi qayğıya görə təşəkkürünü bildirib.