Atmosfer havası insan həyatında ən qiymətli, həyat əhəmiyyətli təbii sərvətdir. İnsan günlərlə susuz və bəzən aylarla qidasız yaşaya bilsə də, havasız uzun müddət yaşamaq qeyri-mümkündür. Hər birimizin müqəddəs təbii sərvət saydığımız havanın çirklənməməsinə çox vaxt kifayət qədər diqqət yetirmirik.

Ötən əsrin 60-80-ci illərində atmosfer havasının çirklənməsinin əsas mənbələri sənaye müəssələri, istilik sistemləri, nəhəng kimya zavodları və tullantıların düzgün idarə edilməməsi ilə bağlı idi.

Zaman keçdikcə hava çirklənməsində avtomobillər birinciliyi ələ aldı və bu gün də dırnaqarası liderliyini davam etdirməkdədir. Avtomobillərin mühərriklərindən işlənmiş qazlarından havaya daxil olan kükürd anhidiridi, aldehidlər və azot oksidi ulturabənövşəyi şüaları udur və kimyəvi fəal formaya düşür. Bu proses nəticəsində atomor vəziyyətdə oksigen ayrılır. Atomor oksigen də havadakı molekulyar oksigenlə reaksiyaya girərək ozon qazı əmələ gətirir. Ozonun əmələ gəlməsində azot 2-oksidin rolu daha çoxdur. Ultrabənövşəyi şüaların təsirindən azot-2oksid azot oksidinə və atomar oksigenə parçalanır. Belə vəziyyət uzun müddət davam edərsə ozon və azot oksidinin havanın tərkibindəki üzvü qarışıqlarla reaksiyaya girməsi nəticəsində müxtəlif maddələr, o cümlədən doymamış karbohidrogenlər əmələ gəlir.

Ən təhlükəlisi (PAN)”peroksiaesetilintirantdır”. Bu maddə atmosferdə fotokimyəvi dumanların,(smoqların) əmələ gəlməsinə səbəb olur. 70-80-ci illərdə tərkibi zəhərli qazlardan ibarət olan bu smoqların təsirindən Londonda və Mexiko şəhərində kütləvi zəhərləmə halları baş vermiş insan təlafatı qeydə alınmışdı.

Bu gün doğma Bakımızın atmosferində belə smoqların nisbətən kiçik ölçülərini müşühidə edilməsi bizi təxirəsalınmaz tədbirlər görməyə məcbur etməlidir. Problemin həlli yollarından biri ekoloji cəhətdən təmiz nəqliyyatın inkişaf etdirilməsi, elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalını və istifadəsinin artırılmasıdır. Elektiriklə işləyən nəqliyyat vasitələrinin istismarına üstünlük verilməsi gələcəkdə atmosferə atılan zərərli emissiyaların azaldılmasına mühüm töhfə verəcəyi şübhə doğurmur. Hal -hazırda dünyanın əksər ölkələrində bu proses sürətlə və uğurla həyata keçirilməkdədir. Onu da qeyd edək ki, yalnız belə avtomobillərin sayını artırmaqla problem öz həllini tam tapa bilməz.

Hər kəsə məlumdur ki, bu gün Bakının küçələrində Rusiya istehsalı olan minlərlə avtomobil şütüyür. Həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti istismar müddətini başa vurduğundan mövcud standartlara cavab vermir. Bu işdə Yol Polisi işçilərinin üzərinə böyük yük və məsuliyyət düşməlidir. Atmosferə normadan artıq tüstü və zərərli qaz buraxan avtomobillərin yollara çıxmasının qarşısının alınmasında dövlət qurumları təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Problemin həlli məqsədilə DYP- ilə ekologiya sahəsində ixtisaslaşmış ictimai birliklərlər kordinasiyalı şəkildə müxtəlif maarifləndirici tədbirlər həyata keçirə bilərlər. Digər dövlət qurumları ilə də bu gün çox aktual olan mövzu ilə bağlı maarifləndirici layihələrin həyata keçirilməsi məqsədəuyğundur.

Bu məqsədlə artıq bir neçə ildir ki, ”Mühit”EMİB-yi Ekologiya,Fövqəladə və Kənd Təsərrüfatı Nazirlikləri ilə birlikdə ekoloji layihələr həyata keçirməkdədir. Təmiz hava naminə nəqliyyat sahəsində daha ciddi və məsuliyyətli addımlar atmaq günümüzün tələbidir. Sağlam ətraf mühitdə yaşamaq hər bir insanın haqqıdır və bu haqqın qorunması hamımızın ümumi məsuliyyətidir. Hər kəs təmiz havanın əhəmiyyətini dərk etdikcə, həm öz sağlamlığını qoruyur,həm də övladlarına miras qoyacağı dünyanı qorumuş olur!

“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev