"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında (LLDC3) Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndəsi qismində iştirak edir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, konfrans 4-8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza şəhərində keçirilir:

"Tədbirin ilk günündə Parlamentlərarası Forum və Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimləri baş tutub. Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib. Spiker forum iştirakçılarını Azərbaycanın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb".

Nədimə Rəhimli həmçinin qeyd edib ki, Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimində isə BMT-nin Az İnkişaf Etmiş Ölkələr, Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr və İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üzrə Ofisinin Baş katibin müavini və Ali nümayəndəsi Rabab Fatima, həmçinin BMT-nin İqtisadi və Sosial Şurasının yeni prezidenti Lok Bahadur Thapa çıxış edərək, LLDC ölkələrində Vətəndaş Cəmiyyəti institutlarının mühüm rolunu vurğulayıblar.

Konfrans çərçivəsində növbəti günlərdə Qlobal Cənub əməkdaşlığı, Qadın liderlər və digər aktual mövzularda forumların keçirilməsi nəzərdə tutulur.