BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) problemlərinə həsr olunmuş üçüncü konfransı – LLDC3 çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumu avqustun əvvəlində öz işini başa çatdırdı.

QHT.az xəbər verir ki, iki gün davam edən forum zamanı vətəndaş cəmiyyətinin müxtəlif sahələrdəki rolu ətrafında geniş panel müzakirələri aparıldı. Forumun bağlanış mərasimində Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Bayramgül Orazdurduyeva, BMT-nin az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə Baş katibin müavini və Ali nümayəndəsi Rabab Fatima iştirak ediblər.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli forumda Azərbaycanı təmsil edib. Onun sözlərinə görə, bu forum LLDC konfransları çərçivəsində ilk dəfə təşkil olunub və bu baxımdan əlamətdar hadisədir.

Forumun sonunda baş tutan görüş zamanı Nədimə Rəhimli Rabab Fatimaya bu ilin aprel ayında Azərbaycanda yaradılmış Qlobal Cənub QHT Platforması barədə məlumat verib. Bildirilib ki, platformaya hazırda 32 ölkə, o cümlədən LLDC statuslu 28 ölkə daxildir.

Rabab Fatima bu təşəbbüsü yüksək qiymətləndirərək, platforma daxilində 28 LLDC ölkəsini əhatə edən xüsusi komitənin yaradılmasını təklif edib. Bu, Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq təşəbbüslərdə artan rolunu və fəal mövqeyini bir daha təsdiqləyir.

 

Pərvanə Fərhadqızı