İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Donald Trampın yenidən ABŞ-a rəhbərlik etməsi Vaşinqtonun xarici siyasətində daha çox iqtisadi maraqlar və güc balansının önə çıxacağına işarə edir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda sabitlik və əməkdaşlığı dəstəkləyərsə, regionda investisiya və ticarət imkanları genişlənə bilər:

"Bu halda ABŞ sərmayələrinin artması, enerji və infrastruktur layihələrində Qərb şirkətlərinin iştirakı, eləcə də Azərbaycan və Ermənistanın qlobal ticarətə inteqrasiyası mümkün ola bilər.”

Ekspert qeyd edib ki, hazırda region üçün nadir fürsət pəncərəsi mövcuddur. İlk dəfədir ki, həm beynəlxalq dəstək, həm də tərəflər arasında qarşılıqlı razılaşma eyni vaxtda müşahidə olunur.

"Bu şəraitdən düzgün istifadə olunarsa, Cənubi Qafqaz gərginlik zonası deyil, əməkdaşlıq məkanı kimi tanına bilər. Gənclər üçün yeni iş yerləri açılar, sərmayələr artar, turizm və ticarət canlanar.”

Eyyub Kərimli vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi, üstəlik ABŞ kimi böyük gücün regionda sabitliyi dəstəkləməsi, həm ölkələrin iqtisadi rifahı, həm də bölgənin ümumi inkişafı üçün mühüm imkan yaradır:

"Sülh sadəcə siyasi qərar deyil, iqtisadi tərəqqiyə açılan qapıdır.”

 

Pərvanə Fərhadqızı