Yunanıstanın paytaxtı Afinada bir kafedə həyata keçirilən silahlı hücumda 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
QHT.az xəbər verir ki, paytaxtda dünən axşam saatlarında insanların sıx olduğu kafedə silahlı hücum təşkil edilib. Nea Smirni rayonunda yerli vaxtla saat 21:30 radələrində baş verən hadisədə hücumçunun açdığı atəş nəticəsində 44 və 41 yaşlı iki nəfər hadisə yerində həyatını itirib.
Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə tibbi maska və kapüşonlu hücumçunun kafeyə girərək masaya yaxınlaşdığı və sonra insanlara yaxın məsafədən 6 atəş açdığı, daha sonra isə hadisə yerindən qaçdığı görünür. Hücum nəticəsində qonşu masada oturan qadının da yaralandığı bildirilib.
Polisdən verilən açıqlamada hadisənin narkotik qruplarının üz-üzə gəlməsi səbəbindən baş verdiyi, öldürülən şəxslərin narkotik və oğurluq kimi cinayətlərdən çoxlu sayda cinayət qeydlərinin olduğu bildirilib. Alban əsilli olduğu ehtimal edilən şəxslərin bədənləri araşdırma üçün xəstəxanaya aparılıb.












