Fransada aparılan araşdırma xroniki tənhalığın yaşlı insanlarda demensiya riskini artırdığını ortaya çıxarıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Bordo Universitetinin tədqiqatçıları 1988–2018-ci illər ərzində 65 yaşdan yuxarı 3 777 nəfərin məlumatlarını araşdırıblar. İştirakçılar tənhalıq vəziyyətlərinə görə heç tənhalıq yaşamayanlar, ara-sıra tənhalıq hiss edənlər və xroniki tənhalıq yaşayanlar olmaqla üç qrupa bölünüblər.
Araşdırma nəticəsində xroniki tənhalıq yaşayan iştirakçıların 49 faizində demensiya inkişaf etdiyi müəyyən olunub. Ara-sıra tənhalıq yaşayanlarda bu göstərici 34 faiz, tənhalıq hiss etməyənlərdə isə 33 faiz olub.
Statistik təhlillər xroniki tənhalığın tənhalıq hiss etməyən şəxslərlə müqayisədə demensiya riskini 38 faiz artırdığını göstərib. Ara-sıra yaşanan tənhalığın isə riskə əhəmiyyətli təsiri qeydə alınmayıb.
Bordo İctimai Sağlamlıq Mərkəzinin baş tədqiqatçısı Karine Peres bildirib ki, insanların əksəriyyəti həyatının müəyyən dövründə tənhalıq yaşayır, lakin demensiya riskini artıra bilən tənhalığın xroniki və davamlı xarakter almasıdır.
Tədqiqatçı xroniki tənhalığın uzunmüddətli stressə və immun sisteminin zəifləməsinə səbəb olmaqla iltihablanma proseslərini gücləndirə biləcəyini vurğulayıb. O, həmçinin tənhalığın fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə əlaqəli olduğunu, bu amillərin isə ürək-damar xəstəlikləri və diabet riskini artırdığını qeyd edib.
Araşdırmanın baş müəllifi Yvanna Simon isə səhiyyə işçiləri, sosial xidmət mütəxəssisləri və siyasətçilərin yalnız insanların birlikdə yaşayıb-yaşamamasına deyil, onların sosial əlaqələrinə və tənhalıq hissinə də diqqət yetirməli olduğunu vurğulayıb.











