Türkiyədə mediada işıqlandırılan 2 289 şiddət hadisəsində 441 uşaq zərərçəkib, onlardan 121-i həyatını itirib. Uşaqlar bütün zərərçəkənlərin 19,3 faizini təşkil edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, İstanbul Kültür Universitetinin Ədalət və Cinayət Psixologiyası Laboratoriyası (ASLAB) 20 Noyabr – Dünya Uşaq Hüquqları Günü münasibətilə Türkiyə Şiddət Xəritəsi araşdırmasının uşaqlara dair nəticələrini açıqlayıb.
Araşdırmaya əsasən, 2025-ci ildə mediada əks olunan 2 289 şiddət hadisəsində 441 uşaq zərərçəkən kimi qeydə alınıb. Onlardan 121-i həyatını itirib, 291-i yaralanıb, 29 uşaq isə cinsi hücuma məruz qalıb. Uşaqların bütün zərərçəkənlər arasında payı 19,3 faiz olub.
Məlumatlara görə, 2024-cü ildə uşaqların zərərçəkənlər arasındakı payı 11,6 faiz təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 19,3 faizə yüksəlib. Həyatını itirən uşaqların sayı 62-dən 121-ə, yaralananların sayı isə 79-dan 291-ə çatıb.
Araşdırmada uşaqlara qarşı şiddətin əsasən yaralanma ilə nəticələndiyi bildirilib. 2025-ci ildə zərərçəkən uşaqların 66 faizi yaralanıb. Cinsi cinayətlərin uşaqlara təsiri isə yetkin şəxslərlə müqayisədə üç dəfə yüksək olub. Bu cinayətlər uşaqlar arasında 6,6 faiz, 19–59 yaşlı şəxslər arasında isə 2,1 faiz təşkil edib.
Hesabatda 2024-cü ildə həyatını itirən 62 uşağın 24-nün odlu silahla, 19-nun isə bıçaq və digər kəsici alətlərlə öldürüldüyü qeyd olunub. Həmin il öldürülən uşaqlardan 21-nin qətlində birinci dərəcəli ailə üzvünün şübhəli və ya təqsirkar olduğu bildirilib.
İstanbul Kültür Universitetinin Psixologiya Bölməsinin rəhbəri və ASLAB direktoru dosent Ayhan Erbay uşaqlara qarşı şiddətin artıq yalnız ev daxilində deyil, küçələrdə və məktəb ətrafında da müşahidə olunduğunu vurğulayıb. O, məktəbdən uzaqlaşan, diqqətdən kənarda qalan və nəzarətsiz böyüyən uşaqların həm şiddət qurbanı, həm də şiddət törədən olmaq riski ilə üzləşdiyini bildirib.
Erbay uşaqların müdafiəsi üçün ailədaxili şiddətə məruz qalan və ya şahid olan uşaqların qısa müddətli qorunmaya alınmasını, onlara yaşayış və psixoloji dəstək göstərilməsini, məktəbdən kənarda qalan uşaqların əmək istismarına məruz qalıb-qalmadığının yoxlanılmasını və fərdi silahlanmaya ciddi nəzarət edilməsini təklif edib.











