İlk süd dişi çıxan kimi ağız baxımına başlanmalı, uşağın ilk stomatoloji müayinəsi isə ən gec 1 yaşında keçirilməlidir.
Uşaqlarda ağız və diş sağlamlığı problemlərinin erkən mərhələdə qarşısının alınması üçün valideynlərə mühüm tövsiyələr verilib. Mütəxəssislər ilk süd dişinin çıxması ilə ağız baxımına başlanmasını və uşağın ilk dəfə ən gec bir yaşına qədər stomatoloqa aparılmasını vacib hesab edirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Bezmialem Vəqf Universiteti Xəstəxanasının uşaq stomatologiyası üzrə mütəxəssisi, professor Meltem Bakkal 16–22 noyabr tarixlərində qeyd olunan İctimai Ağız və Diş Sağlamlığı Həftəsi çərçivəsində açıqlama verib.
Onun sözlərinə görə, ağız və diş sağlamlığı yalnız sağlam dişlərə və estetik təbəssümə sahib olmaqla məhdudlaşmır, eyni zamanda orqanizmin ümumi sağlamlığı ilə birbaşa əlaqəlidir.
Professor bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada təxminən 3,7 milyard insan ağız və diş xəstəliklərindən əziyyət çəkir. Diş çürükləri, diş əti xəstəlikləri, diş itkisi və ağız xərçəngi ən çox rast gəlinən problemlər sırasındadır.
ÜST-nin Türkiyə üzrə 2022-ci il Ağız Sağlamlığı Ölkə Profilində yer alan 2019-cu il məlumatlarına görə, 1–9 yaşlı uşaqlarda süd dişlərinin müalicə olunmamış çürüklərinin yayılma səviyyəsi 43,8 faiz, 5 yaşdan yuxarı şəxslərdə daimi dişlərin müalicə olunmamış çürüklərinin göstəricisi isə 38,6 faiz təşkil edib.
Diş çürükləri uşaqların yuxusuna və qidalanmasına təsir edir
Meltem Bakkal qeyd edib ki, müalicə olunmayan diş çürükləri uşaqlarda ağrı, yuxu problemləri və qidalanma çətinlikləri yarada, hətta onların məktəb həyatına mənfi təsir göstərə bilər.
O, diş çürüklərinin qarşısının alınmasında ilk süd dişinin çıxması ilə ağız baxımına başlanmasının, ilk stomatoloji müayinənin bir yaş tamam olmadan keçirilməsinin və çürük riskinin erkən qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Valideynlər hansı qaydalara əməl etməlidir?
Mütəxəssislər ağız və diş sağlamlığının qorunması üçün bir sıra əsas qaydalara əməl etməyi tövsiyə edirlər:
Dişləri gündə ən azı iki dəfə flüoridli diş məcunu ilə fırçalamaq;
Gün ərzində ara qidalanmaların tezliyini azaltmaq;
Müntəzəm stomatoloji müayinələrdən keçmək;
Uşaqlarda ehtiyac olduqda flüoridli lak tətbiqindən istifadə etmək;
Dişlərin çeynəmə səthlərini qorumaq üçün fissur örtücülərdən yararlanmaq.
Okmeydanı Ağız və Diş Sağlamlığı Xəstəxanasının uşaq stomatologiyası üzrə mütəxəssisi Hande Bacak da bildirib ki, ağız və diş xəstəliklərinin əksəriyyətinin qarşısını almaq mümkündür.
Onun sözlərinə görə, müalicə olunmayan diş və diş əti xəstəlikləri ağrı, infeksiya, qidalanma çətinliyi və yuxu pozuntularına səbəb olmaqla yanaşı, uşaqların böyüməsinə, inkişafına, məktəb göstəricilərinə və sosial münasibətlərinə də mənfi təsir göstərə bilər.
Bacak profilaktik stomatologiyanın əsaslarının məhz uşaqlıq dövründə qoyulmalı olduğunu vurğulayaraq, valideynlərə ilk süd dişi çıxan kimi ağız baxımına başlamağı və uşaqları ən gec bir yaşına qədər stomatoloqla tanış etməyi tövsiyə edib.











