Xəbərlər 24.05.2024 18:55 5616

QHT-lərin fəallığı artmaqda davam edir

Son illər  həyatımızda o qədər yeniliklər, o qədər dəyişiliklər baş verib ki, hətta bəzən onları izləyib ardıcıllığını dərk etmək belə çətin olur. Ən böyük uğuru Qarabağda torpaqlarımızı düşmən tapdağından azad etməklə qazanan xalq öz dövlətinin arxasında durdu, onun bu istiqaqmətdə atdığı bütün addımları hərtərəfli dəstəklədi. Çünki bu dəfə haqsızı yaxşıca susdura və öz yerində otuzdura bilən bir dövlət başçısı ilə yola çıxıb. Bu yol əzablı, iztirablı olsa da sonu tarix qarşısındakı ən böyük uğura aparan bir yol idi. Azərbaycan Ordusu tarixi ədalətsizliyə bir dəfəlik son qoyaraq Azərbaycanın xeyrinə Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına  gətirib çıxardan bir qələbə əldə etdi. Artıq dünya erməninin yalanlarına inanmamağa başladı, Azərbaycan həqiqətləri ilə barışmalı oldu.

Torpaqların azad olunması, tarixi qələbə, Azərbaycan prezidentinin uğurlu xarici siyasəti, işğaldan azad olunmuş totpaqlarda gdən geniş quruculuq işləri, Qarabağa insanların köçürülməsi və saymaqla qurtarmayan nəhəng işlər cəmiyyət həyatının bütün sahələrinə sirayət edir.  Hər bir işə yeni baxış formalaşır, yeni çağırışlar, yeni yanaşmalar həyatımıza daxil olur, nəinki daxil olur, artıq bu yanaşmalar qaçılmaz olmuşdur. Bir QHT sədri kimi demək istərdim ki,  bizlər də bu yeniliklərə, bu dəyişmələrə öz töhfəmizi verməyə çalışırıq və son illərdə QHT-lərin fəaliyyətlərində olan canlanma nəzərdən qaçmır. QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə ölkə QHT-lərinin əlaqələri, birgə işi gündən-günə daha da vüsət alır.

QHT işi ictimai iş olmaqla yanaşı çox məsuliyyətli və kreativ yanaşma tələb edən bir işdir. QHT cəmiyyəti duymağı, vacib problemləri görməyi bacarmalı və hər zaman ictimai fəallığı ilə sçilməlidir. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra həqiqətən, bu fəallıq aydın şəkildə görünməkdədir. QHT-lərin layihə mövzuları və fəaliyyət arenası belə dəyişib. İndi ölkə QHT-ləri beynəlxalq tədbirlərin iştiraçısı olur, ayrı-ayrı görüşlərdə ölkəmizi şərəflə təmsil edirlər. QHT-lər öz layihələrini müxtəlif ölkələrdə həyata keçirir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.  İndi artıq QHT-lərdən sadəcə maariflənmə işi yox, ictimai vəkillik, ictimai maraqların müdafiəsi, cəmiyyətdə kök salmış mənfi stereotiplərin təmizlənməsi işində yüksək fəallıq kimi daha professional işlər gözlənilir. Çox sevindirici haldır ki, belə işlər var. Belə layihələr var və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bunu qeyd edərək deyib ki, Agentlik bu cür nümunəvi QHT layihələrinin donoru olmaqdan böyük məmnunluq duyur.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  2024-cü il üçün nəzərdə tutulan böyük, orta və kiçik qrant müsabiqəsinə  may ayının 1-dən start verilib. Eyni vaxtda 400-dən çox ictimai birlik layihələrin icrasına başlayıb. Qalib layihələrin mövzularına baxdıqda görmək olur ki, QHT-lər ən müxtəlif mövzulara müraciət ediblər. Burada fəal yalnız Bakı QHT-ləri deyil, region QHT-ləri də kifayət qədər fəallıq nümayiş etdirirlər. Mövzular rəngarəng və kreativdir. Əhatə dairəsi genişdir. Hiss olunur ki, hər bir QHT öz vətəndaş mövqeyini ortaya qoymağa və dövlətin yeritdiyi daxili və xarici siyasətə vətəndaş töhfəsini verməyə çalışır.

 Bu gün inamla demək olar ki, QHT-lər vətəndaş cəmiyyəti quruculuğunda tarixi inkişaf yolunu özünəməxsus formada uğurla inkişaf etdirir. Bu sahədə  beynəlxalq təcrübə diqqətlə öyrənilir, ictimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər daha dəqiq müəyyən edilir. QHT-lərin inkişafı ilə bağlı qarşıda ciddi vəzifələr dayanır və  əminliklə demək olar  ki, QHT-lərimiz yüksək potensiala və dayanıqlı əsaslara malik ola biləcəklər.

 

Elmira Mehdiyeva,

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı