Xəbərlər 31.05.2025 21:50 192

“Yazıya pozu yoxdur” – Zakir Abbasın kitabının təqdimatı

“Yazıya pozu yoxdur” – Zakir Abbasın kitabının təqdimatı

 

Əməkdar jurnalist, yazıçı-publisist, tərcüməçi Zakir Abbasın “Yazıya pozu yoxdur” kitabının təqdimatı olub.
Mayın 31-də, Masallı Mərkəzi Kitabxanasında keçirilən tədbirdə müəllifin qələm dostları, sənət adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra jurnalist-publisist Akif Ağayev Zakir Abbasın ömür yolu, yaradıcılığı barədə məlumat verib. 
Bildirilib ki, Zakir Abbas - Zakir Mahmud oğlu Abbasov 1948-ci ildə avqustun 8-də Masallı rayonunun Kasagül kəndində doğulub. Orta təhsilini Masallı şəhərindəki N. Nərimanov adına 2 saylı məktəbdə alıb. 1967-69-cu illərdə ordu sıralarında xidmət edib. Ordudan zabit rütbəsilə tərxis olunub. 1970-ci ildə M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı institutuna daxil olub. 1974-cü ildə institutu bitirib, orta təhsil aldığı məktəbdə üç il müəllim işləyib. Sankt-Peterburq (keçmiş Leninqrad ş.) şəhərindəki İkiillik Ali Jurnalistika kursunun müdavimi olub.  
Sonra, Bakı şəhərinə köçərək, müxtəlif illərdə Azərbaycan Mədəniyyət Nazirliyində, Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində işləyib. “Ocaq” xalq yaradıcılığı televiziya toplusu, “Hücrə”, “Ağ qoç-qara qoç”, “Meydan” və s. verilişlərin həm müəllifi, həm də aparıcısı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi vəzifəsində çalışıb. Keçən əsrin 80-ci illərdən üzü bəri Zakir Abbasın elmi-pedaqoji, jurnalistlik, bədii yaradıcılıq və ictimai fəaliyyəti məzmun etibarilə bir biriylə sıx əlaqəlidir. Zakir Abbas Azərbaycan xalqının tarixi, mədəni-mənəvi irsinin tədqiqi və təbliği sahəsində dəyərli elmi-metodiki vasitələrin, məqalələrin, ssenarilərin müəllifi kimi tanınır. Publisistik yazıları yerli və postsovet məkanında çap olunan qəzet və jurnallarda dərc olunub. 1983-1985-ci illərdə Moskvada və Kiyevdə keçirilən Azərbaycanın Mədəniyyəti və İncəsənəti günləri, eləcə də Maxaçqalada və Qırmızı Körpüdə təşkil olunan Qafqaz Xalqlarının Folklor Bayramının ssenari müəllifi və teleaparıcısı olub. 1981-ci ildən Azərbaycan Demokratik Jurnalistlər Liqasının həmtəsisçisi və birinci katibidir. Azərbaycan Jurnalistlər Konfederasiyası İdarə Heyətinin formalaşmasında və Azərbaycan Jurnalistlər Birliyinin yaradılmasında müstəsna xidməti olan Zakir Abbas ”Media Azəbaycan” məlumat kitabının tərtibçisidir. O, “Məqam”, “Liqa” qəzetlərinin təsisçisi və baş redaktoru kimi jurnalistlik fəaliyyətini uzun illər davam etdirib. 300-dən artıq publisistik məqalənin, “Məad” və “Dərəbəylik” adlı telepyeslərin, “Kənar adam” kitabının, ADMİU-nun baş müəllimi kimi “Televiziya jurnalistikası” və ”Ekran publisistikası” tədris proqramlarının müəllifidir.
 O, V.Snegiryovun “Barıt qoxulu sübh çağı” povestini, Konstantin Stanislavskinin “Seçilmiş əsərləri” (I-II cildlər), C.Morostinin “Tamerlan” tarixi romanını, M.Parentinin “Seçilmişlər üçün demokratiya” (Amerikanın tarixi) əsərini, İqor Buniçin “Partiyanın qızılları” (tarixi-publisistik roman), Taras Şevcenkonun “Əkizlər” və “Rəssam” povestlərini, Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanını, Homer Cekin “Qandi müdrikliyi” (tarixi-publisistik roman), İrvin Yalomun “Nitsşe ağlayanda” (tarixi roman), Oşonun “Meditasiya” elmi-kütləvi traktatlarını tərcümə edib. Zakir Abbas, habelə Avropa dramaturqlarının 9 irihəcimli pyesini və bir neçə bədii televiziya filmini də Azərbaycan dilinə çevirib. Hazırda dünya şöhrətli rəssam və yazıçı Vinsent Van Qoqun “Qardaşım Teoya yazdıqlarım” avto-bioqrafik əsərin tərcüməsi üzərində işləyir.
Daha sonra Masallı rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev, filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Masallı rayon MKS-nin direktor əvəzi Zamin Məmmədov, kitabxananın əməkdaşı Günay Xəlilova kitab haqqında fikirlərini səsləndirib, ömrünün 77-ci pilləsini adlamaqda olan, özünə və sözünə dəyər verən alicənab insana, cəsarətli qələm sahibinə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.    
“Yazıya pozu yoxdur” kitabının poeziyanın yaranışı – lirik poeziyanın atası Arxilox, Roma lirikasının banisi Flak Horace, böyük epik şeir “Ramayananın” yaradıcısı əfsanəvi hind şairi Valmiki, çinlilərin ilk şair kimi qəbul etdikləri Tsyu-Yuan, məşhur Frans Kafka, epik teatrın nəzəriyyəsini yaradan Brext, rus sovet ədəbiyyatının banisi Maksim Qorki və digər qədim dövr, orta əsrlər və sonrakı illərdə dünya və Avropa mədəniyyətinin, ədəbiyyatının nəhəng simalarının, ən parlaq nümayəndələrinin həyat və yaradıcılığı ilə tanışlıq baxımından əvəzsiz vasitə olduğunu diqqətə çatdıran natiqlər Zakir Abbasın digər əsərləri kimi bu kitabının da oxucular tərəfindən seviləcəyinə əminliklərini bildiriblər.
Zakir Abbas tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbir müəllifin iştirakçılara hədiyyə etdiyi “Yazıya pozu yoxdur” kitabının imzalanması ilə yekunlaşıb. 

 

Akif VAQİFOĞLU


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı